Bakı. Trend:
Cari ilin iyunun 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4,642 milyard ABŞ dolları təşkil edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin yaydığı “2026-cı ilin yanvar-may ayları üzrə ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında qeyd olunub.
Məlumata əsasən, bu göstərici ötən ilin 1 iyun tarixi ilə müqayisədə 8 faiz azdır.
Eyni zamanda bildirilib ki, 2026-cı il iyunun 1-nə ölkənin strateji valyuta ehtiyatları 88,439 milyard ABŞ dollarına çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycanda 51,784 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub.
Məlumata görə, ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz artıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.
