Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən eynidir.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manat, qeyri-neft sektorunda isə 0,4% artaraq 35,658 milyard manat təşkil edib.
Beynəlxalq Valyuta Fondunun (BVF) may hesabatına görə, Azərbaycanın iqtisadiyyatının 2026-cı ildə 2,2% artacağı, 2027–2031-ci illərdə isə artımın illik 2,5% səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır.
Bildirilir ki, ölkənin neft sektoru, o cümlədən neft və qaz hasilatı və emalı, 2026-cı ildə 2% azalacaq, daha sonra isə 2027–2031-ci illərdə azalma tempi illik 0,5%-ə qədər yavaşlayacaq.
Eyni zamanda, BVF qeyri-neft ÜDM-in 2026-cı ildə 3,7%, 2027-ci ildə isə 3,8% artacağını, 2028–2031-ci illərdə isə illik 3,5% səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.
BVF həmçinin yaxın illərdə Azərbaycanın nominal ÜDM-inin davamlı artacağını bildirir. Proqnoza görə, nominal ÜDM:
- 2026-cı ildə 78,372 milyard dollar,
- 2027-ci ildə 83,060 milyard dollar,
- 2028-ci ildə 88,175 milyard dollar,
- 2029-cu ildə 93,718 milyard dollar,
- 2030-cu ildə 99,600 milyard dollar,
- 2031-ci ildə isə 105,923 milyard dollar olacaq.
Hollandiyanın ING bank qrupunun məlumatına görə, 2026-cı ildə Azərbaycanın illik ÜDM artımı 2,2%, 2027-ci ildə isə artımın 3%-ə qədər sürətlənməsi gözlənilir.
Rüblük proqnozlara görə, 2026-cı ildə:
- II rüb: 2,5%,
- III rüb: 4%,
- IV rüb: 2,5% artım gözlənilir.
2027-ci ildə dinamikalar belə proqnozlaşdırılır:
- I rüb: 3%,
- II rüb: 3,5%,
- III rüb: 2%,
- IV rüb: 3,5%.
