Bakı. Trend:
5–7 iyun tarixlərində Space____________13 incəsənət məkanında NARGIS jurnalının təşkilatçılığı ilə yaradıcılığı, sənətkarlığı və canlı ünsiyyəti bir araya gətirən genişmiqyaslı “Force of Love” festivalı keçirildi. Festivalın əsas məqsədi ailə, uşaqlar və dostlar ilə birlikdə vaxt keçirməsi, unudulmaz təəssüratlar qazanması və əyləncəli anlar yaşaması üçün imkan yaratmaq idi.
Üç gün ərzində paytaxt sakinləri və qonaqları zinət və interyer əşyaları, kitablar, geyimlər, çantalar və digər məhsullar əldə etmək, həmçinin müxtəlif yemək və içkiləri dadmaq imkanı qazandılar.
Əlavə olaraq festival yaradıcı, maarifləndirici və əyləncəli tədbirlərlə zəngin proqram təqdim etdi. Qonaqlar NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmud və rəqqas Fərid Mehdiyevlə birlikdə baçata rəqsini öyrəndilər, eyni zamanda rəssamlıq, abstrakt incəsənət, keramika və kətan üzərində rəsm, skrapbukinq, robototexnika, xalçaçılıq, trafaret rəssamlığı və kulinariya üzrə master-klasslarda iştirak edə bildilər. Bundan əlavə, qonaqları Project Flat-ın ləziz təamları, Game Buzz-un oyunları, Bəhram Bağırzadənin kitabları, ənənəvi xına naxışları və həm uşaqlar, həm də böyüklər üçün rəngarəng feys-art gözləyirdi.
Festivalın ilk günü uşaqlara həsr olunmuşdu. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl olaraq əyləncə proqramı çərçivəsində 1 saylı Uşaq Evinin sakinləri üçün tədbirlər Nargis Fund ilə birgə təşkil olundu. Balaca qonaqlar kukla tamaşasına baxdılar, yaradıcılıq master-klasslarda iştirak etdilər, hədiyyələr aldılar və bayram təamlarından zövq aldılar.
İyunun 6-da gələcək nəsillərə qayğını və təbiətlə harmonik
birgəyaşayışı simvolizə edən mühüm ekoloji təşəbbüsü ilə ağacəkmə
aksiyası keçirildi. Aksiyaya NARGIS jurnalının baş redaktoru
Ülviyyə Mahmud rəhbərlik etdi.
İyunun 7-də CineMastercard ilə birgə uşaqlar üçün cizgi filminin
nümayişi təşkil olundu. Film gənc qonaqların böyük marağına səbəb
oldu, onlara unudulmaz təəssüratlar, çoxlu təbəssüm və xoş
əhval-ruhiyyə bəxş etdi.
Festival çərçivəsində tədbirin dəstəkçisi olan Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni və Kreativ
Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) tərəfindən
master-klasslar, stolüstü oyunlar və tematik vorkşoplar təşkil
olundu. Bundan əlavə, qonaqlar Mərkəz tərəfindən təqdim olunan gənc
yerli brendlərlə tanış ola bildilər.
Tədbirin tərəfdaşlarından biri də Baku City Circuit oldu və onun dəstəyi bu genişmiqyaslı tədbirdə mühüm rol oynadı.
Festival boyu qonaqların rahatlığı üçün BakuBus tərəfindən
ödənişsiz avtobuslar fəaliyyət göstərirdi.
Bu üç günü bizimlə bölüşən, onları istilik, sevinc və ilham dolu
xüsusi bir atmosferlə zənginləşdirən hər kəsə minnətdarıq. Yeni
görüşlərədək!