Bakı. Trend:
16 yaşına çatmamış şəxslər üçün ümumiyyətlə sosial şəbəkələrdə şəxsi hesabların açılması məhdudlaşdırılır. Bu yanaşma uşaqların psixoloji və emosional inkişafının zərər görməsinin qarşısını almağa xidmət edir və onların real sosial mühitə inteqrasiyasını dəstəkləyir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova İnzibati Xətalar Məcəlləsi və bir sıra qanunıarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
İdarə rəisi bildirib ki, bu layihədə yalnız məhdudiyyətlər nəzərdə tutulmur. Burada əsas diqqət effektiv tənzimləmə və nəzarət mexanizmlərinə yönəlib. Belə ki, platformalar yaşın müəyyənləşdirilməsi üçün qanunvericiliyin nəzərdə tutduğu üsullardan istifadə etməlidirlər.
Layihədə nəzərdə tutulur ki, bu proses sadəcə istifadəçinin bəyanatı ilə kifayətlənməsin. Sistem mütəmadi analitik qiymətləndirmə aparmalı, istifadəçi profillərini monitorinq etməli və yaşla bağlı şübhələr yarandıqda qanunvericiliyə uyğun preventiv tədbirlər görməlidir.
Onun sözlərinə görə, burada diqqətə çatdırılmalı olan vacib məsələlərdən biri də məlumatların qorunması və təhlükəsizliyinin təmin edilməsidir. Belə ki, provayderlər bu məlumatları üçüncü şəxslərə ötürə bilməz, onları reklam məqsədilə istifadə edə bilməz və kommersiya dövriyyəsinə cəlb edə bilməzlər.
Yaşın təsdiqlənməsi üçün təqdim olunan məlumatlar isə proses başa çatdıqdan dərhal sonra silinməlidir. Bu da öz növbəsində həmin məlumatlardan qanunsuz istifadə risklərinin qarşısını alır.
A.Məmmədova vurğulayıb ki, layihədə bir sıra qabaqcıl texniki və təhlükəsizlik tədbirlərinin tətbiqi öhdəliyi də nəzərdə tutulur. Ümumi təhlükəsizlik standartları və geolokasiya məlumatlarının əlçatanlığının məhdudlaşdırılması ilə yanaşı, xüsusilə manipulyativ dizayn üsullarının qarşısının alınması diqqət çəkir.
Burada sonsuz sürüşdürmə (infinite scroll), videoların avtomatik səsləndirilməsi kimi istifadəçidə süni asılılıq yaradan funksiyaların məhdudlaşdırılması hədəflənir. Bu da nəticə etibarilə uşağın vaxtının və diqqətinin istismar edilməsinin qarşısını alan effektiv alət rolunu oynayır.
Nazirlik rəsmisi əlavə edib ki, digər mühüm məqam isə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda əks olunan müddəalarla bağlıdır. Uşaqlar üçün zərərli hesab edilən məlumatların yayılmasının qadağan edilməsi, eləcə də onların fərdi hesablar vasitəsilə paylaşılmasının məhdudlaşdırılması bu layihədə də öz əksini tapır.
Bu yanaşma qanunvericilikdə sistemliliyi təmin edir. Nəticədə provayderlər praktik həllər və zərərli informasiya filtrləri tətbiq etməklə yeniyetmələrin mənəvi, əxlaqi və intellektual inkişafının təhlükəsizliyini təmin etmiş olacaqlar.
Onun fikrincə, qeyd edilməli olan məsələlərdən biri də provayderlərin üzərinə əlavə məsuliyyət qoyulmasıdır. Əgər platformada uşağın fiziki sağlamlığına, şəxsi həyatına və ya təhlükəsizliyinə təhdid yaradan məzmun aşkar edilərsə, provayder 24 saat ərzində müdaxilə etməli və müvafiq tədbirlər görməlidir.
Bu isə öz növbəsində uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasını təmin edir.
A.Məmmədovanın sözlərinə görə, prinsipial yeniliklərdən biri də ondan ibarətdir ki, yetkinlik yaşına çatmamış dövrdə paylaşılan məlumatların silinməsi hüququ qanun səviyyəsində tanınır:
"Şəxsin özü, yaxud yetkinlik yaşına çatmadıqda onun qanuni nümayəndəsi həmin məlumatların silinməsini tələb edə bilər. Bu hüquq yeniyetmə yaşlarında emosional və ya psixoloji təsirlərlə paylaşılmış məzmunun gələcəkdə şəxsin həm sosial, həm də peşəkar həyatına mənfi təsir göstərməsinin qarşısını almağa imkan verir. Eyni zamanda, uşaqların rəqəmsal hüquqlarının təmin olunması dövlət və cəmiyyətin qarşılıqlı əməkdaşlığı şəraitində mümkün olur. Layihədə göstərilir ki, valideyn nəzarəti mütləq element kimi nəzərdə tutulmalıdır. Valideyn nəzarəti sadəcə bir vasitə kimi deyil, həm də məsuliyyət mexanizmi kimi təqdim edilir. Yəni valideyn və ya qanuni nümayəndə uşağın rəqəmsal fəaliyyətinə nəzarət etmək öhdəliyi daşıyır".
