Bakı. Trend:
Azərbaycanın bütün təbii-coğrafi ehtiyatları və elmi potensialı səfərbər edilərək insan kapitalının inkişafına yönəldilir. Bu, gələcəyimizin dayanıqlılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda uşaq hüquqları və ailə məsələləri insan hüquqlarının ayrılmaz tərkib hissəsidir:
"Bu sahədə həm beynəlxalq, həm də milli səviyyədə hüquqi
çərçivələri müəyyən edən qanunvericilik mövcuddur.
Uşaq hüquqlarının qorunması, rifahının və təhlükəsizliyinin təmin
edilməsi yalnız dövlət siyasətinin və dövlət qurumlarının vəzifəsi
deyil. Bu prosesə digər institutlar, elmi potensial, ictimai sektor
və müxtəlif sahələr də cəlb olunmalıdır. Hüquqların yalnız bəyan
edilməsi və qanunvericiliklə təsbit olunması kifayət etmir — onun
icrasının təmin edilməsi və cəmiyyətin maarifləndirilməsi də
vacibdir. Uşaqlardan başlayaraq hər kəsdə hüquq mədəniyyəti
formalaşmalıdır. Uşaqlarda erkən yaşlardan hüquq şüurunun
aşılanması xüsusi əhəmiyyət daşıyır.
Bu gün təqdim edilən tədqiqat hüquqi biliklərin sadə, aydın və gündəlik həyat nümunələri əsasında çatdırılmasına imkan yaradır. O, hüququ abstrakt anlayış kimi deyil, praktik dəyər kimi təqdim edir. Demokratik cəmiyyətlərdə ədalət hissi və məsuliyyət duyğusu hüquqi şüurun formalaşmasının əsasını təşkil etməlidir.
Dövlət uşaq üçün təhlükəsiz və sağlam mühitin yaradılması istiqamətində ardıcıl addımlar atır. “Uşaq hüquqları haqqında” Qanunun yeni redaksiyada qəbul olunması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni qanun mövcud boşluqların aradan qaldırılmasına xidmət edir. Beynəlxalq və yerli təcrübələr göstərir ki, gənc nəsildə hüquq şüurunun formalaşdırılması istiqamətində sistemli və davamlı addımlar atılmalıdır", - o qeyd edib.
