Bakı. Trend:
Bu ildən artıq bütün məktəblər rəqəmsal məktəb platformasına qoşulub. Bu platforma təkcə elektron sənəd dövriyyəsi sistemi deyil, eyni zamanda böyük bir sosial və öyrədici platformadır.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İnzibati Xətalar Məcəlləsi və bir sıra qanunıarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
Direktor müavinin sözlərinə görə, qanunda artıq təhsillə bağlı qruplaşmalar və sosial platformalar bu tənzimləmənin əhatəsinə daxil edilmir:
“Biz artıq bu istiqamətdə müəyyən addımlar atmışıq. Təxminən üç ilə yaxın müddətdə bir sıra məktəblərdə şagird intizam qaydaları pilot olaraq tətbiq olunurdu və bu ildən etibarən artıq bütün məktəblərdə şagird intizam qaydaları tətbiq edilir.
Bu prosesin ən çox müzakirə doğuran hissələrindən biri də ondan ibarət idi ki, artıq bu ildən şagirdlərin məktəbə ağıllı telefon gətirməsi qadağan olunub. Şagirdlər məktəbə ya adi telefonla gələ bilərlər, ya da ümumiyyətlə ağıllı telefon gətirildiyi halda bu cihazlar dərs müddətində nəzarətdə saxlanılır və dərs bitdikdən sonra geri qaytarılır.
Artıq müsbət nəticələri də görməyə başlamışıq. Şagirdlərdə diqqət dağınıqlığı, fokusun pozulması və dərs zamanı yayındırıcı faktorların təsiri xeyli azalıb. Bu yanaşma valideynlər tərəfindən də geniş şəkildə dəstəklənir”.
V.Yaqublu vurğulayıb ki, rəqəmsal bacarıqların artırılması sosial şəbəkələrdən istifadə ilə eyniləşdirilməməlidir:
“Rəqəmsal bacarıqlar daha geniş bir anlayışdır, böyük bir sahəni əhatə edir. Sosial media isə bu bacarıqların yalnız bir tətbiq sahəsidir.
Sosial medianın da hamımızın bildiyi kimi həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Təhsil sistemi olaraq biz bu reallığı nəzərə almalıyıq”.
O əlavə edib ki, uşaqları tam şəkildə heç bir zərərli informasiyadan təcrid etmək mümkün deyil:
Bu informasiyalar müxtəlif yollarla onların mühitinə daxil olur. Əsas məqsəd tam məhdudiyyət qoymaqdan daha çox, bu zərərli informasiyanı uşaqlarla birlikdə müzakirə etmək, onlarda tənqidi düşüncə və şüur genişliyi formalaşdırmaq, onları düzgün davranış modellərinə yönləndirməkdir”.
