Tibbi məlumatlarınız sizinlə birlikdə hərəkət edəcək – Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 10 İyun 2026 15:30 (UTC +04:00)
Tibbi məlumatlarınız sizinlə birlikdə hərəkət edəcək – Səhiyyə Nazirliyi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Müxtəlif tibb müəssisələrində formalaşan məlumatların vahid yanaşma əsasında inteqrasiyası müasir səhiyyə sistemlərinin əsas istiqamətlərindən biridir. Çünki tibbi məlumatlar ayrı-ayrı platformalarda və ya əlaqəsiz şəkildə saxlanıldıqda, həm vətəndaş, həm də tibb işçiləri üçün əlavə vaxt itkisi, informasiya çatışmazlığı və proseslərin təkrarlanması kimi problemlər yarana bilir”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə vətəndaş üçün əsas üstünlüklərdən biri məlumatların daha davamlı və əlaqəli şəkildə istifadə olunmasıdır: “Müxtəlif müəssisələrdə aparılmış müayinələr, laborator nəticələr, diaqnozlar və müalicə epizodları üzrə məlumatların vahid yanaşma çərçivəsində idarə olunması tibbi xidmətə müraciət zamanı əlavə sənəd daşımaq və ya məlumatları yenidən toplamaq ehtiyacını azalda bilər. Bu yanaşma xüsusilə xroniki xəstəliyi olan, uzunmüddətli müşahidə tələb edən və ya müxtəlif ixtisaslı həkimlərə müraciət edən şəxslər üçün daha böyük əhəmiyyət daşıyır. Çünki belə hallarda məlumatın davamlılığı müalicə prosesinin vacib komponentlərindən biridir.

Həkimlər üçün isə əsas üstünlük qərarvermə prosesində daha dolğun və strukturlaşdırılmış məlumat bazasının formalaşmasıdır. Xəstənin əvvəlki müraciətləri, laborator göstəriciləri, istifadə etdiyi müalicə yanaşmaları və klinik tarixçəsi barədə daha geniş məlumatın mövcudluğu diaqnostik və klinik qərarların daha məlumatlı şəkildə qəbul edilməsinə dəstək verə bilər”.

Mütəxəssis bildirib ki, bununla yanaşı, vahid məlumat mühiti səhiyyə sistemində resurslardan istifadənin optimallaşdırılmasına da töhfə verir: “Təkrar analizlərin, eyni məlumatın bir neçə dəfə daxil edilməsinin və bəzi inzibati proseslərin azalması həm xidmət keyfiyyətinə, həm də sistemin ümumi effektivliyinə müsbət təsir göstərə bilər. Əlbəttə, bu üstünlüklərin tam şəkildə reallaşması məlumat keyfiyyəti, inteqrasiyanın əhatə dairəsi, istifadəçi adaptasiyası və sistemə qoşulan tibb müəssisələrinin sayı kimi amillərlə birbaşa bağlıdır. Məhz buna görə rəqəmsal transformasiya yalnız texnoloji deyil, eyni zamanda təşkilati dəyişiklik prosesi kimi qiymətləndirilməlidir”.

Xəbər lenti

Xəbər lenti