BYD Türkiyədəki layihəsini dondurdu

Dünya xəbərləri Materials 10 İyun 2026 14:58 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın ən böyük elektrikli avtomobil istehsalçılarından biri olan Çinin BYD şirkəti Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini qeyri-müəyyən müddətə dayandırıb.

Xarici mətbuat yazır ki, şirkət bu qərarı Avropa bazarında lokallaşma strategiyasına üstünlük verməsi ilə izah edib.

BYD-nin vitse-prezidenti Stella Li Londonda müsahibəsində bildirib ki, Türkiyədə istehsal müəssisəsinin yaradılması prosesi dayandırılıb və zavodun fəaliyyətə başlaması ilə bağlı konkret vaxt cədvəli mövcud deyil.

Şirkətin prioritetlərinin dəyişdiyini vurğulayan Stella Li qeyd edib ki, hazırda əsas diqqət Macarıstandakı investisiyalara yönəlib. Onun sözlərinə görə, ikinci əsas hədəf isə Avropada yeni istehsal müəssisəsi üçün ən uyğun məkanın müəyyənləşdirilməsidir.

Xatırladaq ki, BYD ötən il Türkiyə hökuməti ilə Manisa vilayətində təxminən 1 milyard dollar dəyərində istehsal zavodunun tikintisini nəzərdə tutan rəsmi saziş imzalamışdı. İllik 150 min avtomobil istehsal gücünə malik olması planlaşdırılan layihə üzrə indiyədək tikinti və infrastruktur işlərinə başlanılmayıb.

Avropa İttifaqının Çin istehsalı olan elektrikli avtomobillərə tətbiq etdiyi gömrük rüsumlarını aşmaq məqsədilə BYD bölgədə birbaşa istehsalçı kimi mövqeyini gücləndirməyə çalışır. Şirkət Macarıstanın Seqed şəhərində inşa etdiyi ilk Avropa zavodunda montaj xətlərini bu ilin dördüncü rübündə işə salmağı planlaşdırır.

Bununla yanaşı, BYD rəhbərliyi Avropada yeni zavod tikintisinin vaxt və logistika baxımından yaratdığı əlavə xərclərdən yayınmaq üçün Stellantis və Volkswagen kimi iri avtomobil istehsalçılarına məxsus fəaliyyətini dayandırmış müəssisələrin alınması istiqamətində danışıqları davam etdirir. Şirkətin diqqət mərkəzində əsasən İtaliya və Fransadakı istehsal obyektləri dayanır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti