Bakı. Trend:
Sosial şəbəkə istifadəçilərinin məlumatlarının saxlanılması yalnız zəruri hallarda mümkün olmalıdır və hesabın bağlanmasından sonra həmin məlumatlar avtomatik şəkildə silinməlidir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Seymur Məmmədov İnzibati Xətalar Məcəlləsinə və bir sıra qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
Onun sözlərinə görə, qanun layihəsində nəzərdə tutulan əsas məsələlərdən biri sosial şəbəkə hesabları ilə bağlı məlumatların qorunması və saxlanılması qaydalarının müəyyənləşdirilməsidir.
“Avropa İttifaqında məlumatların qorunması sahəsində tətbiq olunan qaydalara əsasən, şəxslərə aid məlumatlar yalnız müəyyən hallarda saxlanıla bilər.
Əgər sosial şəbəkə hesabı ilə bağlı hər hansı təhlükəsizlik problemi və ya istifadəçinin şübhəli fəaliyyəti müşahidə olunursa, platformalar həmin məlumatları müvəqqəti olaraq saxlaya bilər. Digər hallarda isə şəxs platformadan istifadəni dayandırdıqdan sonra məlumatlar avtomatik şəkildə silinməlidir. Bu yanaşma bizim hazırkı qanun layihəsində də öz əksini tapıb”, - deyə o bildirib.
Şöbə müdirinin müavini vurğulayıb ki, hüquqi tənzimləmələrin effektivliyi üçün müəyyən məsuliyyət tədbirlərinin mövcudluğu vacibdir. Bununla yanaşı, uşaqların internet və sosial şəbəkələrdən istifadəsi ilə bağlı problemlərin yalnız qadağalar vasitəsilə həll edilməsi mümkün deyil.
“Beynəlxalq təcrübə göstərir ki, bu sahədə daha effektiv nəticələr valideynlərin maarifləndirilməsi, media savadlılığının artırılması və aidiyyəti qurumların, media nümayəndələrinin birgə fəaliyyəti sayəsində əldə olunur.
Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi üçün kompleks yanaşma vacibdir və yalnız inzibati cərimələrə əsaslanan mexanizmlər istənilən nəticəni verməyə bilər”,-deyə o əlavə edib.
