Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri regional səviyyədə təsir gücünə malikdir - Deputat

Siyasət Materials 11 İyun 2026 11:53 (UTC +04:00)
Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri regional səviyyədə təsir gücünə malikdir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bugünkü formatı fərqləndirən əsas xüsusiyyət isə gənclərin gözü ilə sülhə baxışın təqdim olunmasıdır. Bu, həm akademik baxımdan çox maraqlı, həm də perspektivli bir yanaşmadır.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) tərəfindən keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda konfransda deyib.

Millət vəkilinin fikrincə, Ermənistandakı seçki prosesində və onun nəticələrində ciddi geosiyasiləşmə müşahidə olunub:

“Xüsusilə Qərbdən hazırkı hökumətə yönələn dəstək müəyyən mənada sülh prosesinə dəstək kimi təqdim olunurdu”.

Deputat bildirib ki, Azərbaycanın mövqeyi isə daha fərqli idi:

“Azərbaycan daha çox passiv müşahidəçi kimi görünürdü, lakin bunun əsas səbəbi ondan ibarət idi ki, Azərbaycan artıq sülh platformasını formalaşdırmışdı. Sülh gündəliyinin, sülh təşəbbüsünün müəllifi Azərbaycandır.

Maraqlı, əslində həlledici məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyevin sülh gündəliyi son nəticədə Paşinyan hökumətinin seçki platformasının əhəmiyyətli bir hissəsinə çevrildi. Bu, çox vacib faktordur. Çünki vaxtilə Qarabağ məsələsini siyasi fəaliyyətinin mərkəzinə çevirən, hətta işğalın nəticələrini legitimləşdirməyə çalışan siyasi qüvvə müharibədən və Qarabağ zəfərindən sonra öz siyasi kursunu dəyişməyə məcbur oldu.

Ermənistan rəhbərliyi nəticə çıxardı. Ermənistan parlamentinin sədri də açıq şəkildə bəyan etdi ki, Qarabağ Ermənistan üçün tələ olub və artıq sərhədləri qeyri-müəyyən, amorf Ermənistan ideyasından imtina etməyin vaxtı çatıb. Bu da parlament sədrinə məxsus ifadələrdir”.

R.Nəbiyevin sözlərinə görə, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi faktiki olaraq bu gün sülh gündəliyinə səs verib:

“Bu isə onu göstərir ki, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri regional səviyyədə təsir gücünə malikdir və hətta uzun illər düşmənçilik mövqeyində olmuş dövlətin siyasi gündəliyini və elektoratının mövqeyini dəyişməyə qadirdir”.

Parlamentari xatırladıb ki, paraflanmış sülh sazişi 17 maddədən ibarətdir. Onlardan 2-si daha çox müqavilə texnikası ilə bağlı müddəalardır. Digər 15 maddə və preambula birbaşa olaraq sülh gündəliyini tənzimləyən məsələləri əhatə edir:

“Burada əsas məqsəd sülh və dövlətlərarası münasibətlərin normallaşdırılması üçün hüquqi mexanizmin yaradılmasıdır. Mühüm məqamlardan biri də diplomatik münasibətlərin qurulmasıdır. Xarici İşlər Nazirliyi saziş mətnini açıqladıqdan sonra da görünürdü ki, diplomatik münasibətlərin hansı mərhələdən sonra qurulacağı məsələsi xüsusi əhəmiyyət daşıyır.

Bu saziş gələcəkdə Ermənistanla bağlanacaq bütün digər hüquqi sənədlər və razılaşmalar üçün əsas istinad sənədi olacaq. Ona görə də onun möhkəm hüquqi baza üzərində imzalanması, ratifikasiyası və sonradan effektiv şəkildə icra olunması son dərəcə vacibdir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti