Mərkəzi Bankın FinCERT-i qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşulub

İqtisadiyyat Materials 11 İyun 2026 10:14 (UTC +04:00)
Mərkəzi Bankın FinCERT-i qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşulub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) üzvlük üçün müəyyən edilmiş tələbləri uğurla yerinə yetirərək beynəlxalq səviyyədə tanınmış “Forum of Incident Response and Security Teams” (FIRST) təşkilatına üzv qəbul edilib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

“FIRST” dövlət, kommersiya və akademik sektorları təmsil edən kompüter təhlükəsizliyi insidentlərinə cavab komandalarını birləşdirən beynəlxalq təşkilatdır. “FinCERT”in “FIRST”ə üzv qəbul edilməsi maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində etibarlı beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, qabaqcıl təcrübələrə çıxışın təmin edilməsi, operativ məlumat mübadiləsinin gücləndirilməsi və kompüter insidentlərinə qarşı mübarizə imkanlarının inkişaf etdirilməsi baxımından mühüm addımdır. Bu üzvlük Azərbaycan maliyyə sektorunda kibertəhlükəsizlik ekosisteminin inkişafına, sektor üzrə erkən xəbərdarlıq və koordinasiya imkanlarının gücləndirilməsinə, həmçinin maliyyə bazarı iştirakçılarının kiberdayanıqlığının artırılmasına xidmət edəcəkdir.

Xatırladaq ki, “FinCERT” maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə məlumatların qəbul edilməsi, təhlili və aidiyyəti üzrə koordinasiyanın təmin edilməsi məqsədilə fəaliyyət göstərən sahəvi mərkəzdir. Mərkəzin əsas məqsədi maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində operativ məlumat mübadiləsini gücləndirmək, kiberinsidentlərə qarşı koordinasiyalı yanaşmanı dəstəkləmək və maliyyə bazarı iştirakçılarının kibertəhlükəsizlik dayanıqlılığının artırılmasına töhfə verməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti