Bakı. Trend:
Bu gün qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının böyük hissəsini təşkil edir və iqtisadi artımın əsas drayveri olaraq qalmaqda davam edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda tədbirdə bildirib.
Müşavirin sözlərinə görə, son iki onillik ərzində Azərbaycan strateji investisiyalar, müasir infrastruktur və islahatlara əsaslanan biznes mühiti sayəsində dayanıqlı iqtisadi artım üçün möhkəm baza formalaşdırıb.
O qeyd edib ki, bu gün qeyri-neft sektoru ölkə iqtisadiyyatının böyük hissəsini təşkil edir və iqtisadi artımın əsas drayveri olaraq qalır. Bu baxımdan, onun sözlərinə görə, əsas vəzifə şaxələndirilmiş və innovasiyalara yönəlmiş iqtisadiyyatın formalaşdırılması hesabına inkişafın sürətləndirilməsidir.
“Rəqəmsal transformasiya Azərbaycanın iqtisadi gündəliyində mərkəzi yer tutur. Ölkədə rəqəmsal infrastrukturun gücləndirilməsinə, texnologiyaların tətbiqinin sürətləndirilməsinə, innovasiyaların dəstəklənməsinə və gələcəyin iqtisadiyyatı üçün zəruri bacarıqların inkişafına yönəlmiş rəqəmsal iqtisadiyyatın inkişaf strategiyası həyata keçirilir.
Texnologiyalar öz-özlüyündə transformasiyanı təmin etmir, bu prosesdə əsas rolu insanlar oynayır. Bu baxımdan Azərbaycan insan kapitalının inkişafına fəal şəkildə investisiya yatırır”, - deyə o bildirib.
H.Hüseynov xatırladıb ki, Amerikanın “Coursera” şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən 4IR Academy milli proqramı vasitəsilə on minlərlə vətəndaş süni intellekt, məlumatların təhlili, kibertəhlükəsizlik və digər perspektivli sahələr üzrə təhsil proqramlarına çıxış əldə edib.
Nazirin müşaviri beynəlxalq tərəfdaşlığın əhəmiyyətini də qeyd edərək vurğulayıb ki, Amerika Birləşmiş Ştatları artıq üç onillikdən çoxdur Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır.
O əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq tədricən ənənəvi energetika sahəsindən innovasiyalar, texnologiyalar və rəqəmsal transformasiya kimi istiqamətlərə doğru genişlənir.
H.Hüseynov bildirib ki, Azərbaycan və ABŞ arasında iqtisadi dialoq yüksək məhsuldarlıqlı hesablama sistemləri, süni intellekt, bulud texnologiyaları və rəqəmsal innovasiyalar da daxil olmaqla yeni əməkdaşlıq imkanlarının yarandığını göstərir.
O, həmçinin “Dell Technologies”, “Oracle”, “Microsoft” və “Amazon” kimi şirkətlərlə əməkdaşlığın genişləndiyini vurğulayaraq strateji texnoloji tərəfdaşlıq mərhələsinə keçidi qeyd edib.
Onun sözlərinə görə, həyata keçirilən təşəbbüslər məhsuldarlığı artırmağa, yeni iş yerləri yaratmağa, investisiyaları cəlb etməyə və qlobal rəqabət qabiliyyətini gücləndirməyə qadir olan müasir rəqəmsal iqtisadiyyatın əsasını formalaşdırır.
