Bakı. Trend:
Azərbaycan xalqının taleyində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən əlamətdar və şərəfli səhifələrindən biridir.
Bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu gün təkcə siyasi hakimiyyət dəyişikliyi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilas edilərək sabitlik, inkişaf və tərəqqi yoluna çıxmasının başlanğıcı kimi qiymətləndirilir:
“1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsindən sonra Azərbaycana qarşı həyata keçirilən məkrli planlar daha da sürətləndi. Ermənistanda və onun havadarları tərəfindən Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları irəli sürüldü, Dağlıq Qarabağ münaqişəsinin əsası qoyuldu və xalqımızın böyük faciələrlə üzləşdiyi ağır bir dövr başladı.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəetmədə buraxılan ciddi səhvlər, silahlı qruplaşmaların özbaşınalığı, iqtisadi böhran və separatçılıq meylləri Azərbaycanı parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin ortalarında vəziyyət kritik həddə çatmış, ölkədə faktiki olaraq vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı.
Belə bir mürəkkəb və taleyüklü məqamda xalqın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev oldu. Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev öz üzərinə böyük məsuliyyət götürərək dövlətçiliyin xilası missiyasını yerinə yetirməyə başladı. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu”.
Deputat qeyd edib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət institutları formalaşdırıldı və Azərbaycanın müstəqilliyi möhkəmləndirildi:
“Sonrakı illərdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, yeni Konstitusiya qəbul edildi, ilk demokratik parlament seçkiləri keçirildi və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi.
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin iqtisadi inkişafının təməlini qoydu. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi, ölkəyə xarici investisiyaların cəlb edilməsinə və gələcək inkişafın təmin olunmasına geniş imkanlar yaratdı. Eyni zamanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin güclənməsinə xidmət etdi.
Bu gün qürurla qeyd edə bilərik ki, müasir Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında məhz 15 İyun Milli Qurtuluş Günündə əsası qoyulan siyasi sabitlik və dövlətçilik prinsipləri dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldilmişdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri də bu siyasi kursun uğurlu nəticələridir.
Milli Qurtuluş Günü Azərbaycan xalqının birliyinin, dövlətçilik iradəsinin və milli həmrəyliyinin təntənəsidir. Bu əlamətdar tarix xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə dövlət müstəqilliyinin necə böyük fədakarlıqlar hesabına qorunub saxlanıldığını xatırladacaqdır.
Bu gün hər bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun xilaskarlıq missiyasını minnətdarlıq hissi ilə xatırlayır. Əminliklə demək olar ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin bugünkü qüdrətinin və gələcək uğurlarının da möhkəm təməlidir”.
