İdentifikasiya başa çatmadan nəticə əldə edilməsi çətin olacaq – Komitə sədri

Cəmiyyət Materials 11 İyun 2026 15:12 (UTC +04:00)
İdentifikasiya başa çatmadan nəticə əldə edilməsi çətin olacaq – Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar siyasət mahiyyət etibarilə kənd təsərrüfatında iqtisadi siyasətdir. Buna görə də kənd təsərrüfatının inkişafına ilk növbədə iqtisadi baxımdan yanaşmalıyıq. Burada əsas məsələlərdən biri olan səmərəlilik məhsuldarlığın artırılması, bu isə yeni texnologiyaların tətbiq ilə bağlıdır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Komitə sədri bildirib ki, kənd təsərrüfatının səmərəliliyindən danışarkən əkin sahələrinin strukturunun təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir:

“Burada vacib suallardan biri ondan ibarətdir ki, məhsuldarlıq əhəmiyyətli dərəcədə artacağı təqdirdə əkin strukturu necə dəyişəcək? Taxıl altında olan sahələrin bir hissəsində hansı alternativ və daha gəlirli bitkiçilik istiqamətləri inkişaf etdiriləcək? Təsadüfi deyil ki, 1970-1980-ci illərdə aqrar siyasətin əsas istiqamətlərindən biri məhz gəlirli sahələrin inkişaf etdirilməsi idi. Bunun nəticəsində kənd rayonlarında məşğulluq və rifah səviyyəsinin yüksəlməsi təmin olunmuşdu. Bu gün də həmin yanaşmanın davam etdirilməsi vacibdir”.

Millət vəkili vurğulayıb ki, dövlət dəstəyi və subsidiyalar kənd təsərrüfatında istehsal xərclərinin müəyyən hissəsinin kompensasiya olunması məqsədini daşıyır:

“Lakin bəzən belə təsəvvür yaranır ki, kənd təsərrüfatında gəlirlilik yalnız subsidiyalar hesabına formalaşır. Əslində subsidiyalar inkişafı stimullaşdırmalı və istehsalçıların rəqabət qabiliyyətini artırmalıdır. Bəzən müşahidə edirik ki, subsidiyalaşdırma mexanizmləri nəticəsində müəyyən rayonlarda ənənəvi ixtisaslaşma istiqamətlərindən kənara çıxılaraq geniş taxıl əkinləri aparılır. Halbuki həmin ərazilərin təbii-iqlim şəraiti başqa məhsullar üçün daha əlverişlidir. Buna görə də subsidiyalaşdırma ilə ixtisaslaşma prinsiplərinin düzgün uzlaşdırılması vacibdir”.

A.Əmiraslanovun fikrincə, elektron kənd təsərrüfatı sistemi ilə bağlı proses tam şəkildə başa çatdırılmalıdır. Elektron kənd təsərrüfatı yalnız fermerlərin qeydiyyatı deyil, eyni zamanda torpaqların identifikasiyası və elektron uçot sisteminin formalaşdırılması deməkdir. Torpaqların identifikasiyası tam başa çatdırılmadan subsidiyalaşdırma siyasətində arzu olunan nəticələrin əldə edilməsi çətin olacaq.

Parlamentari əlavə edib ki, institusional islahatlarla bağlı da müəyyən suallar mövcuddur:

“Qarşıya qoyulan yeni və ambisiyalı hədəflər fonunda mövcud idarəetmə strukturlarının bu vəzifələri tam şəkildə yerinə yetirmək imkanları qiymətləndirilməlidir. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət istiqamətlərinə artıq balıqçılıq və akvakultura sahələri də daxildir. Eyni zamanda beynəlxalq təcrübədə aqrar idarəetmənin əhatə etdiyi digər istiqamətlər də nəzərə alınmalıdır. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün institusional strukturun davamlı şəkildə təkmilləşdirilməsi vacibdir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti