Azərbaycanda texnologiyaları formalaşdırmağa qadir yeni mühəndis nəslinin yetişdirilməsi vacibdir – bp

İqtisadiyyat Materials 11 İyun 2026 12:33 (UTC +04:00)
Azərbaycanda texnologiyaları formalaşdırmağa qadir yeni mühəndis nəslinin yetişdirilməsi vacibdir – bp
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yüksək texniki potensial mövcuddur və əsas vəzifələrdən biri müasir texnologiyalardan yalnız istifadə etməyi deyil, həm də onları formalaşdırmağı bacaran yeni mühəndis nəslinin yetişdirilməsidir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bp şirkətinin transformasiya və texnologiyalar üzrə meneceri Marianna Kərimova Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında deyib.

Onun sözlərinə görə, Səngəçal terminalı şirkətin fəaliyyət istiqaməti üzrə dünyada ən böyük neft və qaz emalı terminallarından biridir.

“bp üçün transformasiya iş üsulumuzu, planlaşdırma və icra proseslərini necə dəyişdirdiyimizi ifadə edir. Biz bu məsələyə çox ciddi yanaşırıq”, – deyə M.Kərimova bildirib.

O qeyd edib ki, şirkət seysmik vizuallaşdırma texnologiyalarından, eləcə də intellektual quyu konstruksiyaları və real vaxt rejimində qazma idarəetmə sistemləri daxil olmaqla müasir qazma texnologiyalarından istifadə edir. Bu isə yataqların daha səmərəli işlənməsinə imkan yaradır.

“Bu texnologiyalar bizə daha az sayda quyu ilə işləməyə və daha ağıllı qərarlar qəbul etməyə kömək edir”, – deyə o əlavə edib.

M.Kərimova bildirib ki, təxminən səkkiz il əvvəl bp ilk dəniz dronunu istifadəyə verib. Hazırda dronlar qapalı məkanlarda yoxlamaları 45 dəqiqə ərzində həyata keçirir, halbuki əvvəllər bu proses həftələrlə vaxt aparırdı.

Onun sözlərinə görə, şirkətdə təhlükəli zonalarda işləmək üçün robotlardan və dəniz platformalarını əhatə edən rəqəmsal əkiz (digital twin) texnologiyalarından da istifadə olunur.

“Mühəndislərimiz öz işlərini rəqəmsal mühitdə layihələndirə bilirlər. Məsələn, dənizdə yerləşən avadanlıqda dəyişiklik etmək lazım gəldikdə, bunu Bakıdakı ofisdən və ya dünyanın istənilən nöqtəsindən uzaqdan həyata keçirmək mümkündür”, – deyə o vurğulayıb.

O qeyd edib ki, bu həllərin dəqiqliyi millimetr səviyyəsinə çatır və qəbul edilən qərarların keyfiyyətinə müsbət təsir göstərir.

M.Kərimovanın sözlərinə görə, bp-də transformasiya yalnız texnologiyalarla məhdudlaşmır, həm də insanların və insan kapitalının inkişafını əhatə edir.

“Transformasiya yalnız texnologiyalar demək deyil, həm də insanlardır. Bu, inkişaf etdirdiyimiz insan kapitalı və istedadlardır”, – deyə o bildirib.

O vurğulayıb ki, Azərbaycanda yüksək texniki potensial cəmləşib və əsas məqsədlərdən biri müasir texnologiyalardan istifadə etməklə yanaşı, onların yaradılmasında və inkişafında iştirak edən yeni mühəndis nəslinin formalaşdırılmasıdır.

“Biz artıq Azərbaycanın etibarlı tərəfdaşlarından biriyik, bir çox sahələrdə əməkdaşlıq edirik və hesab edirəm ki, bp-nin regiondakı rolu Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsini dəstəkləməkdir”, – deyə M.Kərimova əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti