Quba və Şəkidə aqrar yönümlü regional təhsil mərkəzlərinin yaradılması təklif edilir

Cəmiyyət Materials 11 İyun 2026 16:30 (UTC +04:00)
Quba və Şəkidə aqrar yönümlü regional təhsil mərkəzlərinin yaradılması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə akvakultura ilə yaşıl enerji arasında sinerjinin yaradılmasının təşviq edilməsini məqsədəuyğundur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Vüqar İskəndərov komitədə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Millət vəkili xatırladıb ki, Qarabağ və Şərqi Zəngəzur regionları zəngin su ehtiyatlarına malikdir və balıqçılıq, xüsusilə akvakultura sahəsinin inkişafı üçün unikal potensial yaradır:

“Dövlət Proqramı çərçivəsində bu ərazilərdə müasir akvakultura təsərrüfatlarının yaradılması nəzərdə tutularkən həmin təsərrüfatların yaşıl enerji mənbələri ilə inteqrasiyasına da xüsusi diqqət yetirilə bilər. Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin yaşıl enerji zonaları kimi müəyyən edilib. Bu baxımdan akvakultura təsərrüfatlarının fəaliyyətində günəş və külək enerjisindən istifadə edilməsini perspektivli istiqamətdir”.

Deputat vurğulayıb ki, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə suyun temperaturunun, oksigen səviyyəsinin və yemləmə prosesinin avtomatlaşdırılması mümkündür:

“Bu yanaşma həm istehsalın səmərəliliyini artırar, həm də ekoloji cəhətdən daha təmiz və yüksək keyfiyyətli məhsul istehsalına imkan yaradar. Belə məhsulların gələcəkdə beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxarılması üçün də əlverişli imkanlar formalaşa bilər”.

V.İskəndərovun fikrincə, kənd təsərrüfatı üzrə regional təhsil və elmi potensialı gücləndirilməlidir:

“Şəki həm ərazi baxımından, həm də aqrar istehsal imkanlarına görə ölkənin aparıcı bölgələrindən biridir. Eyni zamanda regionun kənd təsərrüfatı ənənələri və mövcud insan resursları bu istiqamətdə əlavə üstünlüklər yaradır. Sovet dövründə Şəkidə kənd təsərrüfatı texnikumunun fəaliyyət göstərdiyini də nəzərə alsaq, burada müəyyən təcrübə və kadr bazasının mövcud olduğunu görərik. Hazırda şəhərdə ali təhsil infrastrukturu da fəaliyyət göstərir və bu imkanlardan istifadə etməklə aqrar təhsil istiqamətinin gücləndirilməsi mümkündür. Bu baxımdan həm Quba, həm də Şəki bölgələrində Azərbaycan Dövlət Aqrar Universitetinin filiallarının və ya aqrar yönümlü regional təhsil mərkəzlərinin yaradılması məsələsinə baxıla bilər. Bu, yalnız peşəkar kadr hazırlığına deyil, həm də bölgələrdə aqrar elmin inkişafına, tətbiqi tədqiqatların genişlənməsinə və müasir texnologiyaların istehsalata inteqrasiyasına mühüm töhfə verə bilər”.

Parlamentari qeyd edib ki, xüsusilə də Şəki-Zaqatala iqtisadi rayonunun ölkənin ən iri taxılçılıq və aqrar istehsal bölgələrindən biri olduğunu nəzərə alsaq, belə bir təşəbbüsün gələcək inkişaf baxımından əhəmiyyətli nəticələr verəcəyini düşünür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti