Azərbaycanın sülh gündəliyi daha geniş coğrafiya üçün əhəmiyyət daşıyır - Mətin Məmmədli

Siyasət Materials 11 İyun 2026 11:31 (UTC +04:00)
Azərbaycanın sülh gündəliyi daha geniş coğrafiya üçün əhəmiyyət daşıyır - Mətin Məmmədli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın sülh gündəliyi mövzusu yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş coğrafiyanı əhatə edən ölkələr, hətta regionlar üçün xüsusi əhəmiyyət daşıyır.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli BMTM tərəfindən keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda konfransda deyib.

Şöbə müdirinin sözlərinə görə, son illərdə regionda çox böyük hadisələr və proseslər baş verib ki, bunlar regionun geosiyasi konfiqurasiyasına və təhlükəsizlik arxitekturasına ciddi təsir göstərib:

“İkinci Qarabağ müharibəsindən sonra başlayan sülh prosesi və sülh gündəliyinin müəllifi təbii ki, Azərbaycandır. Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh gündəliyi formalaşıb və bu gündəlik həm Ermənistan, həm də digər dövlətlər tərəfindən qəbul olunub. Eyni zamanda yeni formalaşan geosiyasi reallıqlar da beynəlxalq səviyyədə qəbul edilib.

Sülh gündəliyinin və bütövlükdə yeni geosiyasi reallıqların qəbul olunması asan başa gəlməyib. Bu, ilk növbədə Azərbaycan dövlətinin İkinci Qarabağ müharibəsindən sonra həyata keçirdiyi düşünülmüş xarici siyasət və diplomatiyanın nəticəsində mümkün olub”.

M.Məmmədli vurğulayıb ki, bu gün əsas məsələ təbii ki, sülhdür. Sülh olmadan regionda dayanıqlı inkişafdan və təhlükəsizlikdən danışmaq mümkün deyil:

“Keçmiş münaqişə ilə bağlı narrativləri yenidən gündəmə gətirmək və onlara qayıtmaq hesab edirəm ki, sülh prosesinə ciddi təhdid yarada bilər. Azərbaycanın sülh gündəliyi də məhz bu prinsipə əsaslanır ki, regionda ilk növbədə dayanıqlı sülhə nail olunmalıdır. Yalnız bundan sonra regional inteqrasiya və iqtisadi əməkdaşlıq imkanları genişlənə bilər.

Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə, eyni zamanda dövlətlərin suverenliyinə əsaslanır. Bundan əlavə, bu gündəlik bütün növ təhdidlərdən və güc tətbiqindən imtinanı nəzərdə tutur”.

O əlavə edib ki, Azərbaycan həm dövlət, həm də cəmiyyət olaraq sülhə hazırdır və sülh istəyir:

“Lakin sülhə nail olmaq üçün yalnız Azərbaycanın istəyi kifayət deyil. Ermənistan da bu istəyi nümayiş etdirməli və onun həyata keçirilməsi üçün inamlı addımlar atmalıdır.

Əlbəttə, sülh prosesi geniş anlayışdır və illərlə, hətta onillərlə davam edə bilər. Lakin ən azı siyasi-hüquqi və diplomatik müstəvidə bu prosesi yekunlaşdırmaq mümkündür.

Bunun üçün Ermənistan hakimiyyəti son parlament seçkilərində Ermənistan cəmiyyətindən müəyyən mandat alıb. Bu gün Nikol Paşinyan və onun komandası seçkilərdə qalib gəlibsə, bu o deməkdir ki, Ermənistan cəmiyyətinin bir hissəsi onun sülh gündəliyinə dəstək verib.

Bizim əsas gözləntimiz odur ki, yaxın perspektivdə Ermənistan hakimiyyəti və bütövlükdə Ermənistan cəmiyyəti öz məsuliyyətini dərk edərək sülh quruculuğu istiqamətində zəruri addımları atsın”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti