Bakı. Trend:
Azərbaycanda qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər genişləndirilir. Bu çərçivədə ayın sonunadək Türkiyədən 20-25 min ədəd samuray arısının ölkəyə gətirilməsi nəzərdə tutulur.
Bunu Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov “Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq üçün tədbirlər genişləndirilir” mövzusunda keçirilən mediatur çərçivəsində Trend-in sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, hazırda qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə tədbirləri çərçivəsində samuray arısının populyasiyasının artırılması istiqamətində işlər aparılır.
“Bizim məqsədimiz samuray arısının Azərbaycan ərazisində populyasiyasını artırmaqdır ki, qəhvəyi mərmər bağacığının sayı azalsın. Samuray arısının insanlara və ətraf mühitə hər hansı ziyanı yoxdur. O, yumurtalarını bağacığın yumurtalarının içinə qoyur və bununla da zərərvericinin çoxalmasının qarşısını alır”, - deyə o bildirib.
C.İbrahimov qeyd edib ki, Gəncədə yerləşən laboratoriyalarda samuray arısının yetişdirilməsi istiqamətində işlər davam etdirilir.
“Azərbaycan üçün bu təcrübə yeni deyil və ilkin nəticələr uğurludur. Gələcəkdə samuray arılarının sayının yüz minlərlə çatdırılması nəzərdə tutulur”, - deyə o vurğulayıb.
Mərkəz rəisinin sözlərinə görə, Türkiyədən əlavə samuray arılarının gətirilməsi ilə bağlı da danışıqlar aparılır.
“Hazırda ayın sonunadək Türkiyədən 20-25 min ədəd samuray arısının gətirilməsi nəzərdə tutulur. Proses yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə o əlavə edib.
C.İbrahimov bildirib ki, qəhvəyi mərmər bağacığı ilk dəfə aşkar edildiyi dövrlə müqayisədə hazırda daha geniş ərazilərdə yayılıb.
“2022-ci ildə zərərverici Azərbaycanın 17 kəndində müşahidə olunurdusa, hazırda yayılma arealı xeyli genişlənib. Həmin dövrdə Qax rayonunda cəmi iki kənddə qeydə alınan bağacıq bu gün rayonun 17 kəndində müşahidə edilir. 2024-cü ildə Xaçmaz rayonunda da yeni ocaqlar aşkarlanıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, zərərvericinin yayılmasına təsir edən əsas amillərdən biri əlverişli torpaq-iqlim şəraitidir.
“Torpağın temperaturu və rütubət göstəriciləri qəhvəyi mərmər bağacığının çoxalmasına şərait yaradır. Xüsusilə Qax, Balakən və Zaqatala istiqamətindəki torpaq-iqlim şəraiti onun inkişafı üçün əlverişlidir. Zərərvericinin yayılmasında məhsul və yük daşımaları da mühüm rol oynayır. Ən böyük problemlərdən biri Gürcüstandan ölkəyə daxil olan kənd təsərrüfatı məhsullarıdır. Məhsullar sərhəddən keçərək ölkənin müxtəlif bölgələrinə daşınarkən zərərvericinin də nəqliyyat vasitələri ilə bir ərazidən digərinə daşınması mümkündür. Bu növ bir neçə yüz kilometr məsafəyə qədər yayıla bilir”, - deyə o bildirib.
