Bakı. Trend:
Uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni tənzimləmələri nəzərdə tutan qanun layihəsi ictimaiyyət tərəfindən yaxşı qarşılanıb.
Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid İnzibati Xətalar Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
Sədr bildirib ki, bu məsələyə diqqət çox vacib və lazımlıdır:
“Çünki burada bizim uşaqların sosial şəbəkələrdən istifadə məsələsi gündəmdədir. Layihədə nəzərdə tutulur ki, gələcəkdə 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bununla bağlı, əlbəttə ki, dünyada fəaliyyət göstərən böyük şirkətlərin, platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir.
R.Məcid əlavə edib ki, bu qanun layihəsi artıq ictimaiyyət tərəfindən yaxşı qarşılanıb:
“Çox güman ki, qanun qəbul olunduqdan sonra dünyada fəaliyyət göstərən böyük şirkətlər, böyük platforma provayderləri Azərbaycanda fəaliyyət göstərəcəklər, nümayəndəlik açacaqlar. Bunun da nəticəsində xüsusən uşaqların zərərli təsirlərdən qorunması məsələsində məsuliyyət hissi onların da hüquqi baxımdan üzərinə düşəcək”.
