İxracın təşviqi məqsədilə mövsümi subsidiya mexanizmi tətbiq edilə bilər

İqtisadiyyat Materials 11 İyun 2026 16:43 (UTC +04:00)
İxracın təşviqi məqsədilə mövsümi subsidiya mexanizmi tətbiq edilə bilər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan iqtisadiyyatında ən çox müzakirə olunan sahələrdən biri məhz aqrar sektordur. Bunun da obyektiv səbəbləri var. Aqrar sektor iqtisadiyyatımızın mühüm tərkib hissəsidir, məşğulluğa, sosial rifaha, regionların inkişafına və ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir. Minlərlə insanın məşğulluğu bu sahə ilə bağlıdır. Bu baxımdan mövzunun daim diqqət mərkəzində saxlanılması və belə müzakirələrin keçirilməsi olduqca təqdirəlayiqdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili parlamentin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Hesab edirəm ki, bugünkü müzakirələrin əsas üstünlüklərindən biri də odur ki, burada səsləndirilən fikir və təkliflər gələcəkdə həm hökumətin fəaliyyətinə, həm də qanunvericilik səviyyəsində görüləcək işlərə töhfə verə bilər.

Ümumilikdə aparılan təhlillər göstərir ki, aqrar sektorda hazırda təxminən altı əsas çağırış mövcuddur. Bunlar su qıtlığı, torpaqların parçalanması, məhsuldarlığın artırılması, kiçik fermerlərin maliyyə resurslarına çıxışı, kadr və innovasiya məsələləri, eləcə də logistika və satış problemləridir.

Müzakirə etdiyimiz Dövlət Proqramı bu istiqamətlərin böyük əksəriyyətini əhatə edir. Xüsusilə su təminatı, torpaq münasibətləri, məhsuldarlığın artırılması, maliyyə alətlərinə çıxış və innovasiya məsələləri üzrə kifayət qədər aydın hədəflər və mexanizmlər müəyyənləşdirilib. Bu da onu göstərir ki, hökumətdə problemin mahiyyəti və həll yolları ilə bağlı kifayət qədər aydın təsəvvür formalaşıb.

Mənim fikrimcə, proqramın icrasında qarşıda duran ən vacib məsələlərdən biri məhsuldarlığın artırılması olacaq. Çünki məhsuldarlıq artmadığı təqdirdə digər istiqamətlər üzrə görülən tədbirlərin də effektivliyi məhdud olacaqdır.

Əsas sual ondan ibarətdir ki, biz eyni torpaq və eyni su resurslarından istifadə etməklə necə daha çox məhsul istehsal edə bilərik? Torpaq da məhduddur, su da məhduddur. Bu baxımdan yeganə çıxış yolu innovasiyalar, elmi yanaşmalar, müasir texnologiyalar və yeni idarəetmə mexanizmlərinin tətbiqidir.

Bu kontekstdə torpaqların konsolidasiyası məsələsinə ayrıca toxunmaq istərdim. Bu məsələ uzun illərdir müzakirə olunur. Bununla bağlı qanunvericilik bazası da formalaşdırılıb və müxtəlif təşəbbüslər irəli sürülüb. Təqdimatda qeyd olundu ki, iki rayonda pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bu baxımdan maraqlı olardı ki, həmin layihələrin həyata keçirilməsi mexanizmi barədə daha ətraflı məlumat verilsin. Burada əsas motivasiya alətləri nədən ibarət olacaq? Qanunvericilikdə əlavə dəyişikliklər nəzərdə tutulurmu? Proses könüllülük prinsipi əsasında aparılacaq, yoxsa inzibati mexanizmlərdən də istifadə olunacaq? Çünki indiyədək müxtəlif yanaşmalar tətbiq edilsə də, tam effektiv model formalaşdırmaq mümkün olmayıb.

İkinci sualım proqramda nəzərdə tutulan bəzi hədəf göstəriciləri ilə bağlıdır. Məsələn, soyuducu anbarların tutumunun 400 min tondan 500 min tona çatdırılması nəzərdə tutulur. Maraqlı olardı bilək ki, bu göstərici ölkənin ümumi tələbatının hansı hissəsini qarşılayacaq və bu rəqəmlər hansı hesablamalar əsasında müəyyənləşdirilib.

Sonda isə aqrar sektorun inkişafına təsir göstərən daha iki vacib amilə diqqət çəkmək istəyirəm.

Təcrübə göstərir ki, aqrar istehsala ən güclü müsbət təsir edən amillərdən biri ixrac imkanlarının genişlənməsidir. Əksinə, daxili bazarda qiymətlərin kəskin dalğalanması fermerlərin investisiya motivasiyasına mənfi təsir göstərir. Fermer istehsal etdiyi məhsulu bazarda sərfəli qiymətə sata bilmədikdə növbəti mövsüm üçün investisiya qoymaqda maraqlı olmur.

Bu baxımdan son günlər Prezident tərəfindən imzalanmış iki mühüm sənədi xüsusilə qeyd etmək istərdim. Bunlardan biri ixrac əməliyyatlarında logistika xərclərinin əhəmiyyətli hissəsinin dövlət tərəfindən qarşılanması, digəri isə kredit zəmanəti mexanizmlərinin daha da genişləndirilməsi ilə bağlıdır. Hesab edirəm ki, hər iki qərar logistika və satış istiqamətində mövcud problemlərin həllinə mühüm töhfə verəcək.

Bununla yanaşı, gələcəkdə müəyyən mövsümi məhsullar üzrə ixracın təşviqi məqsədilə hər kiloqram məhsula görə müvəqqəti subsidiya mexanizmlərinin tətbiqi imkanlarının da araşdırılması faydalı ola bilər. Belə bir mexanizm fermerlərin və ixracatçıların motivasiyasını daha da artırar.

Eyni zamanda bazar iqtisadiyyatı şəraitində qiymətlər dövlət tərəfindən tənzimlənməsə də, qiymət dalğalanmalarının yumşaldılması üçün beynəlxalq təcrübədə istifadə olunan müxtəlif alətlər mövcuddur. Bu mexanizmlərin tətbiqi imkanlarının da araşdırılması məqsədəuyğun olardı. Çünki qiymət sabitliyi kənd təsərrüfatı istehsalçılarının uzunmüddətli investisiya qərarlarına birbaşa təsir göstərən əsas amillərdən biridir.

Ümumilikdə hesab edirəm ki, təqdim olunan Dövlət Proqramı kifayət qədər sistemli və perspektivli sənəddir. Əminəm ki, proqramda nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi aqrar sektorun inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti