Bakı. Trend:
Quş əti istehsalının 30 faiz, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir. Bu tədbirlər nəticəsində quş əti üzrə özünütəminetmə səviyyəsinin mövcud 80 faizdən 100 faizə çatdırılması planlaşdırılır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.
R.Hüseynov vurğulayıb ki, bu sahədə əsas mexanizmlər avadanlıqların dəyərinin və kredit faizlərinin subsidiyalaşdırılmasıdır. Eyni zamanda quşçuluq təsərrüfatlarının qarşılaşdığı torpaq təyinatı ilə bağlı məsələlərin həlli də Dövlət Proqramında əksini tapır.
Direktor bildirib ki, yumurta istehsalı üzrə dərin emal müəssisəsinin yaradılması nəzərdə tutulur və bu istiqamətdə aşağı faizli güzəştli kreditlərin tətbiqi planlaşdırılır.
“Damazlıq işinin təşviqi məqsədilə dövlət dəstəyi mexanizmləri də tətbiq olunacaq. İlk dəfə olaraq damazlıq yumurta və digər məhsullar üzrə subsidiyalaşdırma mexanizmlərinin tətbiqi nəzərdə tutulur”, - deyə o qeyd edib.
