Bakı. Trend:
Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, bu, 08–11 iyun tarixlərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın İranda keçirilən 55-ci iclasında təsdiq olunub.
İclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, İran İslam Respublikası Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi xanım Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.
İclas çərçivəsində Araz çayının su ehtiyatlarının iki ölkə
arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri hazırlanaraq təsdiq
olunub. Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin
aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni
suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq
məsələləri müzakirə edilib.
Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri
əhatə edən yekun protokol imzalanıb.
Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.
