Bakı. Trend:
Quba və Xaçmaz rayonlarında media nümayəndələrinin iştirakı ilə qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri ilə bağlı mediatur təşkil olunub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, mediaturun məqsədi qəhvəyi mərmər bağacığının aktiv inkişaf mərhələsinə keçdiyi dövrdə zərərvericiyə qarşı görülən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasını gücləndirmək olub.
Mediatur çərçivəsində əvvəlcə Quba Regional Təlim Mərkəzində jurnalistlər üçün təqdimat keçirilib. Təqdimatda qəhvəyi mərmər bağacığının biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan və ona qarşı tətbiq edilən mübarizə üsulları barədə ətraflı məlumat verilib.
Mütəxəssislər bildiriblər ki, invaziv zərərverici 300-dən artıq bitki növü ilə qidalanaraq ciddi iqtisadi ziyan vursa da, insan sağlamlığı üçün təhlükə yaratmır.
Daha sonra media nümayəndələri Xaçmaz rayonunun Səmədoba kəndində qəhvəyi mərmər bağacığının yayıldığı ərazilərdə aparılan monitorinq və kimyəvi mübarizə tədbirləri ilə tanış olublar. Jurnalistlərə feromon tələlərinin fəaliyyəti, zərərvericinin erkən aşkarlanması və yayılmasının qarşısının alınması üçün istifadə olunan müasir mübarizə üsulları nümayiş etdirilib.
Tədbir zamanı Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov bildirib ki, Xaçmaz rayonu qəhvəyi mərmər bağacığı ilə sirayətlənmiş əsas ocaqlardan biridir.
Onun sözlərinə görə, hazırda qəhvəyi mərmər bağacığı ölkənin 12 rayonunda (Şabran, Göygöl Şəki, Balakən, Zaqatala, Qax, Qazax, Ağstafa, Quba, Qusar, Xaçmaz, Yardımlı) müşahidə olunur.
C.İbrahimov qeyd edib ki, hazırda qəhvəyi mərmər bağacığı qışlama yerlərindən çıxaraq yaşıl ərazilərdə aktiv uçuş mərhələsinə keçib və bu səbəbdən monitorinq işləri gücləndirilib.
Mərkəz rəisinin sözlərinə görə, respublika üzrə quraşdırılan feromon tələlərinin əsas məqsədi zərərvericinin yayılma arealını müəyyənləşdirmək və operativ mübarizə tədbirlərini planlaşdırmaqdır.
“Tələlərdə kifayət qədər qəhvəyi mərmər bağacığı müşahidə olunur. Həmin ərazilərdə cəlbetmə mexanizmi tətbiq edilir. Bu üsulla zərərvericilər müəyyən nöqtələrə toplanır və yalnız həmin ağaclar dərmanlanır. Beləliklə, həm ekoloji balans qorunur, həm də faydalı canlıların məhv olmasının qarşısı alınır”, – deyə o bildirib.
Tədbirdə həmçinin qeyd olunub ki, qəhvəyi mərmər bağacığının təbii düşməni hesab edilən samuray arısının laboratoriya şəraitində çoxaldılması və zərərvericinin yayıldığı ərazilərdə bioloji mübarizə tədbirlərinin tətbiqi nəzərdə tutulur.
Verilən məlumata görə, Aqrar Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin qışlama dövründə ölkənin 34 rayonunda 20 mindən çox nöqtədə monitorinq aparılıb. Nəticədə 12 rayonda zərərverici aşkarlanıb və həmin ərazilərdə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Bildirilib ki, zərərvericinin populyasiyasına nəzarət məqsədilə ötən il 13 mindən çox feromon tələsi quraşdırılıb, cari ildə isə bu göstəricinin 20 mini ötəcəyi gözlənilir.
Maarifləndirmə tədbirləri çərçivəsində isə cari tədris ili ərzində 12 rayonda yerləşən 67 ümumtəhsil müəssisəsində məlumatlandırıcı görüşlər keçirilib.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən qəhvəyi mərmər bağacığına qarşı monitorinq, maarifləndirmə və mübarizə tədbirləri ölkənin müxtəlif bölgələrində davam etdirilir.
