Kadastr xəritələrinin yenilənməsi vacibdir - Nazir

Siyasət Materials 11 İyun 2026 16:46 (UTC +04:00)
Kadastr xəritələrinin yenilənməsi vacibdir - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İlk növbədə əkin strukturu ilə bağlı Azər müəllimin toxunduğu məqama diqqət çəkmək istərdim. Bu, tamamilə haqlı və vacib məsələdir. Eyni zamanda Əlim müəllim də aqrar sahədə artım dinamikası ilə bağlı fikirlərini səsləndirdi. Mən bu iki məqamı bir-biri ilə əlaqələndirmək istəyirəm.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Azərbaycanda əkin sahələrinin 74 faizini taxıl və yem bitkiləri təşkil edir. Halbuki taxıl və yem bitkilərinin aqrar istehsalda yaratdığı dəyər ümumi aqrar məhsulun cəmi 11 faizinə bərabərdir. Başqa sözlə desək, biz torpaq resurslarımızın böyük hissəsini nisbətən az dəyər yaradan məhsullara ayırmışıq.

Burada Hollandiya və İsrail nümunələri çəkildi. Bu ölkələrdə torpaq resursları məhduddur və məhz buna görə hər kvadratmetrdən, hər hektardan maksimum iqtisadi dəyər əldə etməyə çalışırlar. Onlar taxıl və yem bitkilərini daha çox idxal etməyə üstünlük verir, öz torpaq resurslarını isə yüksək əlavə dəyər yaradan məhsulların istehsalına yönəldirlər.

Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Taxıl istehsalı bizim üçün təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Uşaqlıqdan eşitdiyimiz “Çörək bol olarsa, basılmaz Vətən” ifadəsi xalqımızın düşüncəsində bu məhsulun yerini göstərir. Taxıl gündəlik həyatımızın ayrılmaz hissəsidir və buna görə də ölkə ərazisinin mühüm hissəsi taxıl və yem bitkilərinin istehsalına ayrılır.

Azər müəllimin də qeyd etdiyi kimi, əsas məqsədimiz məhsuldarlığın artırılmasıdır. Məhsuldarlığın yüksəldilməsi hesabına həm taxıl, həm də digər kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa çalışırıq.

Azərbaycan aqrar iqtisadiyyatının inkişaf tarixində uzun müddət əsas yanaşma daha çox torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması olub. Həmin dövrdə bu siyasət daha çox məşğulluq yaradır, kənd yerlərində insanların gəlirlərinin artmasına xidmət edirdi və o dövr üçün doğru qərar hesab olunurdu.

Lakin zaman dəyişib. Bu gün aqrar sektor tamamilə özəl sektorun fəaliyyəti üzərində qurulub. Dövlət nə istehsalla, nə də ticarətlə birbaşa məşğul olur. Azərbaycanda istehsal olunan, emal edilən və bazara çıxarılan məhsulların hamısı özəl sektor tərəfindən həyata keçirilir. Məhz buna görə də dövlət proqramında özəl sektor əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Özəl sektor üçün əsas meyar mənfəətlilik və investisiyanın geri dönüşüdür. Vaxt keçdikcə məlum oldu ki, əkin sahələrinin daim genişləndirilməsi səmərəliliyi artırmır. Əksinə, qeyri-effektiv istifadəyə səbəb olur. Bu gün əsas məqsədimiz daha çox torpaq əkmək deyil, daha az resursla daha çox məhsul əldə etməkdir.

Bu proqramın əsas fəlsəfəsi də məhz həmin transformasiyaya nail olmaqdır. İlk növbədə bu dəyişiklik insanların düşüncəsində baş verməlidir. Son illərdə aqrar sahədə artım tempinin müəyyən qədər aşağı düşməsi də bununla bağlıdır. Fermerlər anlayırlar ki, 100 hektarda aşağı məhsuldarlıqla işləməkdənsə, 10 hektarda yüksək məhsuldarlıq əldə etməklə daha çox gəlir qazanmaq mümkündür.

Məhz buna görə bəzi hallarda əkin sahələrinin həcmi azalır, nəticədə ümumi istehsalın artım tempi də zəifləyir. Bu səbəbdən dövlət proqramının hazırlanmasına ehtiyac yaranıb və cənab Prezidentin tapşırığı ilə uzun müddətdir bu istiqamətdə iş aparılır.

İnkişaf etmiş aqrar ölkələrin təcrübəsinə baxdıqda görürük ki, aşağı əlavə dəyər yaradan bitkilərin əkin strukturundakı payı adətən 40–50 faiz təşkil edir. Azərbaycanda isə taxıl, yem və texniki bitkiləri birlikdə götürdükdə bu göstərici 90 faizə yaxınlaşır.

Bu baxımdan bizim məqsədimiz daha yüksək dəyər yaradan məhsulların istehsalını genişləndirmək, aşağı dəyərli məhsullarda isə məhsuldarlığı artırmaqdır. Prioritetimiz boşalan torpaqlardan çox, mövcud torpaqlarda məhsuldarlığın yüksəldilməsidir.

İxtisaslaşma məsələsinə gəlincə, bu istiqamətdə səsləndirilən fikirlərlə tam razıyam. Hesab edirik ki, Azərbaycanda ixtisaslaşma daha geniş təşviq edilməli, fermerlərlə və bölgələrlə daha sıx iş aparılmalıdır. Elmi tədqiqatlar bu prosesə xidmət etməlidir.

Lakin nəzərə almalıyıq ki, iqlim dəyişiklikləri, yeni texnologiyalar və aqrar elmin nailiyyətləri ixtisaslaşma istiqamətlərini də dəyişdirir. Məsələn, Zəngilan rayonunun Ağalı kəndində torpaq bölgüsü aparılarkən kənd sakinləri bildirirdilər ki, həmin ərazidə ərik bağı salmaq mümkün deyil, çünki sovet dövründə belə bir təcrübə olmayıb. Halbuki yaxınlıqda artıq yüz hektardan çox ərik bağı mövcuddur və bir neçə ildir ki, həmin bağlardan məhsul əldə edilərək ixrac olunur.

Bunun səbəbi iqlim dəyişiklikləri, yeni texnologiyalar və son onilliklərdə yaradılmış yeni sortlardır. Buna görə də ixtisaslaşma mütləq elmi əsaslara söykənməli və daim yenilənməlidir.

Torpaqların identifikasiyası məsələsinə gəldikdə isə, bu bizim üçün ən həssas istiqamətlərdən biridir. Subsidiya siyasətinin səmərəliliyinin artırılması da birbaşa bu məsələ ilə bağlıdır. Biz bunu torpaqların pasportlaşdırılması adlandırırıq.

Elektron sistemlərin inkişafı və kadastr xəritələrinin yenilənməsi nəticəsində məlum olur ki, bir çox hallarda fermerlərin istifadə etdiyi torpaq sahələri ilə sənədlərdə göstərilən koordinatlar üst-üstə düşmür. Bunun əsas səbəbi odur ki, insanlar illərdir istifadə etdikləri sahələri əkməyə davam edirlər, lakin sonradan aparılan sənədləşmə prosesi vaxtilə verilmiş dövlət aktları əsasında həyata keçirilib.

Bəzi hallarda isə torpağın həqiqi sahibi həmin ərazidən istifadə etməyib, başqa yerə köçüb və ya torpaq istifadəsiz qalıb. Mübahisə yaranmadığı üçün istifadəçi həmin torpağı öz torpağı kimi qəbul edib.

Bu səbəbdən kadastr xəritələrinin yenilənməsi və dəqiqləşdirilməsi vacibdir. Hazırda bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən ciddi iş aparılır.

Eyni zamanda subsidiyaların verilməsi prosesində də yeni yanaşmalar tətbiq olunur. İlk dəfə olaraq çıxarışlarda göstərilən koordinatlar peyk görüntüləri vasitəsilə yoxlanılır və həmin ərazidə faktiki əkin aparılıb-aparılmadığı müəyyən edilir. Subsidiyanın verilməsi də bu məlumatlar əsasında həyata keçirilir.

Vətəndaşlardan daxil olan bəzi subsidiyaların gecikməsi ilə bağlı müraciətlərin əsas səbəbi məhz koordinat uyğunsuzluqlarıdır. Bu problemlərin həlli əlavə vaxt tələb edir.

Lakin bizim əsas məqsədimiz ölkədə hər bir hektar torpaq sahəsi barədə dəqiq məlumat bazasının formalaşdırılmasıdır. Həmin torpağın yerləşdiyi ərazi, keyfiyyət göstəriciləri, hansı məhsullar üçün uyğun olduğu və istifadə tarixi tam şəkildə məlum olmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti