Bakı. Trend:
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi ilə əlaqədar olaraq, Səməd Vurğunun Ev-Muzeyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyinin birgə təşkilatçılığı ilə muzeydə tədbir keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbir Ev-Muzeyinin direktoru Vurğun Vəkilov və Xalq Təhsili Muzeyinin direktoru Zülfiyyə Şiriyevanın açılış nitqləri ilə başlayıb.
Tədbirin rəsmi hissəsində şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçiləri Aslan Salmansoy, Hənifə Səlifova, Mehriban Vəliyeva çıxış edərək Səməd Vurğunun yaradıcılığı və zəngin ədəbi irsinin gənc nəslin tərbiyəsində əhəmiyyəti barədə danışıblar.
Tədbirin bədii hissəsində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi Gənclər Şöbəsinin və Ədəbi Tədbirlər Birliyi layihəsinin üzvləri şairin “Vaqif” dramından bir parçanı nümayiş etdiriblər.
Səməd Vurğunun şeirləri səsləndirilib, musiqili kompozisiya təqdim olunub.
Tədbir Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdlərinin ifasında şairin məşhur Azərbaycan şeirinin səsləndirilməsi ilə yekunlaşıb.
