Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-may ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Bu barədə dövlət xidməti məlumat yayıb.
"Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-may ayları ərzində 27 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 467 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 95,2 milyon manat təşkil edib", - məlumatda bildirilib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may ayları ərzində 246-sı qeyri-yaşayış, 1.748-i torpaq sahələri üzrə olmaqla 1.994 yeni icarə müqaviləsi bağlanılıb. Qeyd edilib ki, hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 117,4 milyon manat vəsait daxil olub.
