Bakı. Trend:
Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
Trend-in məlumatına görə, qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, ötən il dövlət büdcəsinin gəlirləri 39 milyard 184,6 milyon manat, xərcləri isə 38 milyard 604,6 milyon manat təşkil edib. Nəticədə büdcə 580 milyon manatdan çox profisitlə icra olunub.
Büdcə gəlirlərinin əsas hissəsini 14 milyard 481 milyon manatlıq transfertlər, 8 milyard 944,8 milyon manat əlavə dəyər vergisi (ƏDV) və 6 milyard 694,6 milyon manat hüquqi şəxslərin mənfəət vergisi formalaşdırıb. Həmçinin dövlət büdcəsinə 2 milyard 21,5 milyon manat fiziki şəxslərin gəlir vergisi, 1 milyard 770,8 milyon manat gömrük rüsumları, 1 milyard 696,9 milyon manat aksizlər daxil olub. Dövlət iştiraklı müəssisələrdən alınan dividendlər isə 636,6 milyon manat təşkil edib.
Xərclərin strukturunda ən böyük pay 8 milyard 68 milyon manatla müdafiə və milli təhlükəsizlik sahəsinə yönəlib. Bu istiqamətdə xüsusi müdafiə təyinatlı layihə və tədbirlərə 4 milyard 580 milyon manat vəsait ayrılıb.
İqtisadi fəaliyyət sahəsinə 7 milyard 579,7 milyon manat xərclənib. Bunun 3 milyard 781,9 milyon manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına, 2 milyard 305,1 milyon manatı isə dövlət investisiya xərclərinə yönəldilib.
Təhsil xərcləri 4 milyard 619,5 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 554,2 milyon manat, ümumi dövlət xidmətləri üzrə xərclər isə 4 milyard 456,2 milyon manat olub. Səhiyyə sektoruna 1 milyard 275,3 milyon manat, kənd təsərrüfatına 1 milyard 120,9 milyon manat vəsait ayrılıb.
Qanun layihəsinə əsasən, sosial sahədə ən iri ödənişlərdən biri kimi Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə 1,6 milyard manat, icbari tibbi sığorta fonduna isə 775,9 milyon manat ayrılıb.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
