Şuşa Bəyannaməsi Türk dünyasının birliyinin və həmrəyliyinin mühüm simvoluna çevrilmişdir - Rəy

Siyasət Materials 12 İyun 2026 10:00 (UTC +04:00)
Şuşa Bəyannaməsi Türk dünyasının birliyinin və həmrəyliyinin mühüm simvoluna çevrilmişdir - Rəy
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsini tərənnüm edən, qardaşlıq və müttəfiqlik əlaqələrini yeni mərhələyə yüksəldən tarixi sənəddir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan bu Bəyannamə təkcə iki dövlət arasında münasibətlərin hüquqi-siyasi əsaslarını möhkəmləndirməmiş, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji yol xəritəsinə çevrilmişdir:

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı Şuşa Bəyannaməsində öz real təcəssümünü tapmışdır. Bu sənəd xalqlarımızın ortaq tarixi, milli-mənəvi dəyərləri və gələcəyə yönəlmiş strateji hədəfləri üzərində qurulmuş möhkəm ittifaqın siyasi manifestidir.

Şuşa Bəyannaməsi siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə, təhlükəsizlik, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı daha da dərinləşdirərək Azərbaycan və Türkiyənin beynəlxalq arenadakı mövqelərini gücləndirir. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verir”.

Deputat vurğulayıb ki, bu sənədin ən önəmli cəhətlərindən biri də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra yaranmış yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə təsdiqidir: “Şuşa Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən qəti dəstəyin ifadəsi olmaqla yanaşı, revanşist qüvvələrə də aydın mesajdır ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaq.

Bəyannamədə nəzərdə tutulan nəqliyyat və logistika layihələri, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması perspektivi Türk dünyasının inteqrasiyasını sürətləndirir, Avropa ilə Asiya arasında yeni iqtisadi imkanlar yaradır. Qarşılıqlı investisiyaların artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və azad edilmiş ərazilərin bərpasında birgə iştirak hər iki ölkənin iqtisadi qüdrətini daha da möhkəmləndirir.

Eyni zamanda, Şuşa Bəyannaməsi diaspor və media sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının birgə fəaliyyəti beynəlxalq müstəvidə ortaq maraqların müdafiəsinə və həqiqətlərimizin daha effektiv şəkildə dünyaya çatdırılmasına xidmət edir.

Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə arasında münasibətlərin deyil, bütövlükdə Türk dünyasının birliyinin və həmrəyliyinin mühüm simvoluna çevrilib. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində formalaşan bu müttəfiqlik modeli regionda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas təminatlarından biri olaraq öz əhəmiyyətini daha da artırmaqdadır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti