Bəzi dövlət təşkilatlarında hesabatlılıq işi yetərli səviyyədə deyil - Vüqar Gülməmmədov

Cəmiyyət Materials 12 İyun 2026 13:20 (UTC +04:00)
Bəzi dövlət təşkilatlarında hesabatlılıq işi yetərli səviyyədə deyil - Vüqar Gülməmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə ÜDM üzrə proqnoz və fakt göstəriciləri demək olar ki, üst-üstə düşüb. Lakin baza ssenarisi üzrə proqnozlarla icra arasında müəyyən fərqlər müşahidə edilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Hesablama Palatası tərəfindən Milli Məclisdən daxil olmuş 2025-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə və onunla birlikdə təqdim olunan hesabatına dair rəy hazırlanıb.

"Qanun layihəsinin qanunvericiliyə uyğunluğu barədə qeyd olunur ki, büdcə məlumatları müvafiq qanunlara uyğun təqdim edilmiş və göstəricilərin əsasən düzgün olduğu müəyyən edilib. Fiskal intizamla bağlı qeyd edilir ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat təşkil edib. Xərclər isə 38,6 milyard manat olub. Xərclərin icra səviyyəsi 93,2% təşkil etmiş və 2,8 milyard manat az icra edilib.

İcmal büdcədə 3,3 milyard manat profisit qeydə alınıb ki, bu da ÜDM-in 2,6%-nə bərabərdir. Fiskal qaydalar üzrə əsas göstəricilər — qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 18,16%, dövlət borcunun ÜDM-ə nisbəti 20,1% olub və hədəflərə uyğundur.

Gəlirlər üzrə təhlilə əsasən vergi gəlirləri 1,5%, qeyri-vergi gəlirləri 10,2% artıb. Lakin gəlirlərdə vergi payı 52,2%-ə enmiş, qeyri-vergi gəlirlərin payı 47,8%-ə yüksəlib.

Transferlər üzrə isə dövlət büdcəsindən ayrılan transferlər 8,9% azalıb. Dövlət Neft Fondunun transferinin gəlirlərə nisbəti 84,3%-ə çatıb".

Dövlət proqramları ilə bağlı 2021-ci ildən etibarən 26 sənəd qəbul edilmiş, lakin proqramların nəticəliliyi və maliyyə icrası barədə məlumatların büdcə sənədlərində daha geniş əks olunmasına ehtiyac var", - deyə o bildirib.

Vüqar Gülməmmədovun sözlərinə görə, Hesablama Palatası büdcə zərfində dövlət proqramları və strategiyaların nəticə göstəricilərinin daha ətraflı təqdim edilməsini məqsədəuyğun hesab edir:

"Bu risklərdən hesabat ilində neftin qiyməti və iqlim dəyişiklikləri aktual olmayıb, dövlət borcu ilə bağlı isə tələbatın əsasən qısamüddətli istiqrazlarda cəmlənməsi ilə bağlı narahatlıq əsasən aradan qaldırılıb.

Sadalanan risklərlə yanaşı, Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyində, eləcə də 2025-ci ilin altı ayı üzrə dərc etdiyi yarımillik məlumatlarda aktual hesab etdiyi əlavə fiskal riskləri və diqqətdə saxlanılmalı məqamları da əks etdirib.

Bu risklərlə bağlı mövcud vəziyyəti diqqətinizə çatdırmaq istərdim:

- Xəzinədənkənar əməliyyatların artması. Hüquqi əsaslarda edilmiş dəyişikliklər bu riski qismən aradan qaldırıb.

- Bəzi xərc istiqamətləri üzrə büdcə intizamının aşağı səviyyədə qalması. Hesabat ilində xərclər 93,2 faiz səviyyəsində icra edilib.

- Dövlət büdcəsinə vergi borclarının artması. Hesabat ilində dövlət büdcəsinə olan vergi borcları 4,4 faiz artıb.

- Təminat fonduna qaytarılması nəzərdə tutulan məbləğin aşağı səviyyədə icrası. 2025-ci il ərzində təkrar borc satışları üzrə proqnozun aşağı icrası bu mənbənin effektivliyində problemlərin mövcud olduğunu göstərir".

Palata sədrinin sözlərinə görə, bugünkü tarixədək Hesablama Palatası tərəfindən 2025-ci ilin dövlət büdcəsinin icrasına dair rəyin hazırlanması zamanı 200-dən çox təşkilatdan 1700-dən artıq hesabat alınıb:

"Bu rəqəm daha çox ola bilərdi. Lakin burada əsas məsələ say deyil, bəzi dövlət təşkilatlarında hesabatlılıq işinin yetərli səviyyədə olmamasıdır.

Bunu əsasən rəqəmsal alətlərin natamam tətbiqi və peşəkar kadr potensialının yetərsizliyi ilə əlaqələndirmək olar.

Hesabatları vaxtında təqdim edənlərin sayı ümumi sayın cəmi 40 faizi ətrafındadır. Nəzərə almaq lazımdır ki, hesabatı vaxtında təqdim edən təşkilatların hesabatlarında da natamamlıqlar və xətalar müşahidə olunur. Bu cür hesabatların sayı da kifayət qədərdir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti