Bakı. Trend:
Qurtuluş məfkurəsinin və hadisəsinin üç ölçüsünü ayrıca vurğulamaq istəyərdim.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin bugünkü iclasında deyib.
Əli Əhmədov bildirib ki, bunun birincisi Heydər Əliyevin qayıdışını özündə ehtiva edir.
"Təbiidir ki, yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın Heydər Əliyev kimi tarixi şəxsiyyətlə birləşməsi, hesab edirəm ki, o zamankı Azərbaycanın yenicə qazanmış dövlət müstəqilliyini qoruyub saxlamağın ən möhtəşəm və ən həlledici məqamlarından biri idi. Buna görə də Azərbaycan xalqı qurtuluş məfkurəsini və qurtuluş hadisəsini müasir Azərbaycan tarixinin ən əhəmiyyətli hadisələrindən biri kimi qeyd edir.
İkinci ölçü, təbiidir ki, Azərbaycanın 90-cı illərin əvvəllərində düşdüyü təlatümlü haldan ölkəmizin Heydər Əliyevin həm müdrikliyi, həm də idarəçiliyi sayəsində qurtulması ilə əlaqədardır. Yəqin ki, birmənalı şəkildə hamımız etiraf edirik ki, Heydər Əliyevin tarixi qayıdışı olmasaydı, Azərbaycanın müasir tarixi tamamilə başqa bir istiqamətdə cərəyan edərdi və bizim indi malik olduğumuz nailiyyətlər yəqin ki, tamamilə başqa bir şəkildə, formada reallığa çevrilmiş olardı.
Və nəhayət, mən qeyd etmək istədiyim üçüncü məqam və ölçü ondan ibarətdir ki, qurtuluş hadisəsi və qurtuluş məfkurəsi Azərbaycanın keçmişi deyil, eyni zamanda Azərbaycanın həm müasir bu günü, həm də gələcəyidir. Bizim əldə etdiyimiz nailiyyətlərin hər biri, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun şəkildə həyata keçirilən siyasət nəticəsində əldə olunub", - deyə o qeyd edib.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycanın möhtəşəm tarixi qələbəsi, Qarabağın azad olunması da mahiyyət etibarilə özünün başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürür.
"Bu mənada Azərbaycan xalqı əmindir ki, qurtuluş məfkurəsi bundan sonra da Azərbaycan xalqına xidmət edəcək.
Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da Azərbaycanın əldə edəcəyi bütün nailiyyətlərdə bu və ya digər dərəcədə qurtuluş məfkurəsinin elementləri özünü aydın şəkildə nümayiş etdirəcək", - deyə Milli Məclis sədrinin birinci müavini fikrini yekunlaşdırıb.
