Bakı. Trend:
Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illəri əhatə edən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı" ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və özəl investisiyaların təşviqini əsas hədəflər kimi müəyyən edib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, kənd təsərrüfatı iqtisadiyyatın prioritet istiqamətlərindən biri olaraq xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycanın münbit iqlim şəraiti, əlverişli coğrafi mövqeyi və geniş ticarət əlaqələri aqrar sektorun ixrac potensialının artırılması üçün mühüm üstünlüklər yaradır. Eyni zamanda, bu sahəyə dövlət dəstəyi və özəl sərmayələrin cəlbi kənd təsərrüfatının daha rəqabətqabiliyyətli inkişafına xidmət edir”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə bu gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.
Görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil olunur.
