Bakı. Trend:
İyunun 12-də Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
Trend-in imtahanı izləyən müxbiri xəbər verir ki, prosesdə namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilir. Qanunvericilik üzrə hər sual 1 balla, digər suallar üzrə hər biri 0.5 balla qiymətləndirilir, keçid balı isə 55-dir.
İmtahan üçün 100 nəfər qeydiyyatdan keçib, 94 namizəd iştirak edib. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malikdirlər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və müsahibədə iştirak etmək istəyən şəxslər “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası”nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə “Xüsusi icra məmurları haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, xüsusi icra məmurunun tələbini pozanlar məsuliyyətə cəlb olunacaqlar. Onun sözlərinə görə, xüsusi icra məmurlarının irəli sürdükləri tələblər dövlət icra məmurlarında olduğu kimi bütün fiziki şəxslər, hüquqi şəxslər, dövlət və qeyri-dövlət orqanları üçün məcburidir və həmin tələblərin pozulması qanunla nəzərdə tutulmuş məsuliyyət yaradır.
“Xüsusi icra məmurları da dövlət icra məmurları kimi məhkəmələrin və digər orqanların qərarlarını icra etməyə tam səlahiyyətli şəxslərdir. Onlar da dövlət icra məmurları kimi məcburi icra orqanı statusuna malikdirlər. Xüsusi icra məmurları müvafiq səlahiyyətlərə malik olmaqla yanaşı, fəaliyyətə başlamaları üçün müəyyən prosedurlardan keçməli və Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə ilə təmin olunmalıdırlar. Dövlət icra məmurlarından fərqli olaraq, xüsusi icra məmurları bütün icra sənədlərini deyil, icraatda olan və icraatların əsas hissəsini təşkil edən müəyyən növ icra sənədlərini icra edəcəklər. O cümlədən müxtəlif növ kredit tələbləri, vətəndaşlar və hüquqi şəxslər arasında olan borc tələbləri, müxtəlif əmlak tələbləri və digər tələblərə dair icra sənədləri xüsusi icra məmurları tərəfindən icra edilə biləcəkdir. Onların fəaliyyəti zamanı irəli sürdükləri tələblər dövlət icra məmurlarında olduğu kimi bütün fiziki şəxslər, hüquqi şəxslər, dövlət və qeyri-dövlət orqanları üçün məcburidir", - deyə rəis müavini bildirib.
Y.Qurbanov əlavə edib ki, nəzərdə tutulan əsas məqsəd həm icra hakimiyyəti üçün, həm vətəndaşlar, həm də sahibkarlar üçün daha sürətli, daha əlçatan və daha effektiv bir icra mexanizminin formalaşdırılmasıdır. O vurğulayıb ki, qanunun tələbinə görə, bu institut ölkəmizdə mərhələli şəkildə tətbiq ediləcək. Onun icrası nəzarətdə saxlanılacaq və praktik nəticələrdən asılı olaraq tətbiqi genişləndiriləcək.
