Ötən il neft məhsullarının daxili bazarda satışı proqnozdan az olub - Hesablama Palatası

İqtisadiyyat Materials 12 İyun 2026 11:24 (UTC +04:00)
Ötən il neft məhsullarının daxili bazarda satışı proqnozdan az olub - Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend

2025-ci ildə yol vergisi üzrə daxilolmalar 142,8 milyon manat proqnoza qarşı 132,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 10,6 milyon manat və ya 7,4 faiz azdır.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.

Məlumata görə, ölkə daxilində tətbiq edilən yol vergisi üzrə 105,8 milyon manat proqnoza qarşı faktiki icra 88,2 milyon manat olub. Bu göstərici proqnozdan 17,6 milyon manat və ya 16,6 faiz, 2024-cü illə müqayisədə isə 3,3 milyon manat və ya 3,6 faiz azdır.

Hesablama Palatası bunu ölkə daxilində istehsal olunan neft məhsullarının həcminin azalması ilə əlaqələndirib. Belə ki, proqnozla müqayisədə daxili satışa yönəldilən AI-92 markalı benzinin həcmi 233,3 min ton və ya 14,3 faiz, AI-95 markalı benzinin həcmi 105,5 min ton və ya 95,9 faiz, dizel yanacağının həcmi isə 197,1 min ton və ya 9 faiz az icra olunub.

Eyni zamanda, Azərbaycan ərazisinə idxal olunan yanacaq və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisi üzrə daxilolmalar 44 milyon manat təşkil edib. Bu göstərici proqnozdan 7 milyon manat və ya 18,9 faiz çox olsa da, 2024-cü illə müqayisədə 0,4 milyon manat və ya 0,9 faiz azdır.

Rəyə əsasən, bu istiqamət üzrə daxilolmaların proqnozdan artıq icra olunmasına avtomobil benzini üzrə faktiki idxalın gözləniləndən yüksək olması və xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisinin artması təsir göstərib.

Belə ki, Azərbaycan ərazisinə AI-92 markalı benzin üzrə 88,9 min ton, AI-95 markalı benzin üzrə isə 66 min ton əlavə neft məhsulu idxal edilib. Bundan başqa, ölkəyə daxil olan və ya tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisi məbləği proqnozla müqayisədə 5,1 milyon manat çox olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti