Bakı. Trend:
Hesablama Palatası tərəfindən aparılan araşdırmalar nəticəsində “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı 25 tövsiyənin icrası, eləcə də təsdiqlənmiş şərhlər barədə məlumatlar və 46 yeni tövsiyə təqdim olunub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Hesablama Palatası Milli Məclisə üç əsas təklif irəli sürüb.
"İlk təklif gömrük daxilolmaları ilə bağlıdır. Bildirilib ki, xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sisteminin optimallaşdırılması şəraitində gömrük orqanları vasitəsilə büdcə gəlirlərinin yığımı üzrə proqnozların müəyyənləşdirilməsi yanaşmasına yenidən baxılmalıdır. İdxal yığımları üzrə fiskal yükün optimallaşdırılması və vergi intizamına əməl edən sahibkarların iqtisadi aktivliyinin təşviqi vacib hesab olunur".
Vüqar Gülməmmədov qeyd edib ki, idxalda əlavə dəyər vergisi və gömrük rüsumları üzrə proqnozların hazırlanması zamanı yerli istehsalın, ölkədaxili iqtisadi aktivliyin stimullaşdırılması, eləcə də güzəştlər və azadolmalarla bağlı yanaşmalar nəzərə alınmalıdır.
"İkinci təklif “Büdcə sistemi haqqında” qanunla bağlıdır. Hesablama Palatası hesab edir ki, dövlət sektorunun maliyyəsinin idarə olunması ilə bağlı yanaşmalar qanunda daha geniş əksini tapmalıdır. Dövlət aktivləri və öhdəliklərinin konsolidə edilmiş hesabatlılığı, vergi stimullarının təhlili və onların büdcəyə təsiri ilə bağlı məlumatların qanunvericilikdə təsbit olunması təklif edilir.
Üçüncü təklif isə parafiskal ödənişlərlə bağlıdır. Bildirilib ki, təkrar emal haqları, ödənişli yollar, utilizasiya haqları və digər oxşar ödənişləri toplayan təşkilatlar həmin vəsaitlərin istifadəsi barədə hesabat təqdim etməlidirlər".
O bildirib ki, Hesablama Palatasının qənaətinə görə, bu dəyişikliklər hesabatlılıq və şəffaflığın artırılmasına, həmçinin büdcə proqnozlaşdırılması sisteminə etimadın gücləndirilməsinə xidmət edə bilər. Sədr, həmçinin vurğulayıb ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair təqdim olunan illik hesabat və qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun hazırlanıb.
