İsmayıllı. Trend:
Hazırda icra olunan Şirvan suvarma kanalı layihəsi tamamlandıqdan sonra Dağlıq Şirvan iqtisadi rayonunda on minlərlə hektar əkin sahəsinin dayanıqlı su təminatına mühüm töhfə verəcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov İsmayıllıda Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, hazırda həyata keçirilən ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir: "Layihə başa çatdıqdan sonra Ağsu rayonunda 36 min hektar, İsmayıllıda 2 min hektar, Şamaxıda isə 17,5 min hektar olmaqla ümumilikdə 56,3 min hektar ərazidə dayanıqlı su təminatı imkanları formalaşacaq.
Layihə çərçivəsində magistral kanalın uzunluğu 204 kilometr, suburaxma qabiliyyəti isə saniyədə 180 kubmetr təşkil edəcək".
Onun sözlərinə görə, layihə respublikanın 9 rayonu üzrə 112 min hektar mövcud suvarma sahəsinin su təminatını yaxşılaşdırmağa, həmçinin 116 min hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunmasına imkan verəcək.
İ.Bayramov vurğulayıb ki, kanalın tikintisinə 2024-cü ildə başlanılıb və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır.
"Su ehtiyatlarından daha səmərəli istifadə məqsədilə damcı və pivot suvarma sistemlərinin tətbiqi genişləndirilir, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin inkişafı istiqamətində işlər davam etdirilir".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə bu gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.
Görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil olunur.
