Bakı. Trend:
2025-ci ildə dövlət büdcəsindən ayrılan subsidiyaların bir hissəsi istifadə olunmayaraq qalıqda saxlanılıb, bəzi istiqamətlərdə isə illərdir subsidiyaların verilməsinə baxmayaraq fəaliyyətin nəticəliliyi aşağı səviyyədə qalıb.
Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Məlumata görə, 2025-ci ildə inzibati təsnifat üzrə 47 istiqamətdə subsidiya nəzərdə tutulsa da, onlardan yalnız 46-sı üzrə icra həyata keçirilib. “Bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması” istiqaməti üzrə ayrılması planlaşdırılan vəsait isə icra edilməyib.
Hesablama Palatasının təhlillərinə əsasən, subsidiya istiqamətləri üzrə icra səviyyəsi dürüstləşdirilmiş təyinatla müqayisədə 16,2%-100% arasında dəyişib. 19 istiqamət üzrə vəsait tam icra olunub, 15 istiqamət üzrə icra səviyyəsi 90%-dən yüksək, 12 istiqamət üzrə isə 90%-dən aşağı olub.
İcra edilmiş subsidiyalarda ən böyük pay – 41% – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus olub. Bu vəsaitlər kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin, məhsul, toxum, heyvan və barama subsidiyalarının verilməsinə yönəldilib.
Palatanın bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyinin qiymətləndirilməsi üzrə auditində müəyyən olunub ki, əkin subsidiyalarının maliyyələşdirilməsində əsasən əkin və şum işlərinin aparılması nəzərə alınır, məhsuldarlıq göstəricilərinə bağlı risk meyarları isə formalaşdırılmayıb. Nəticədə bəzi fermerlərin fəaliyyətinin məhsuldarlığın artırılmasından daha çox subsidiya əldə etməyə yönəldiyi qeyd olunub.
Aqrar sığorta sahəsində aparılan audit isə heyvanların sığortalanma səviyyəsinin aşağı olduğunu göstərib. Aqrar Sığorta Fondunun məlumatına əsasən, 2023–2025-ci illərdə sığortalanan heyvanların sayı ümumi iribuynuzlu və xırdabuynuzlu heyvanların cəmi sayının cəmi 0,04%-0,08%-ni təşkil edib. Hesablama Palatası bunu heyvanların identikləşdirilməsi və birkalanması prosesinin zəif aparılması ilə əlaqələndirib.
Rəydə qeyd olunub ki, dövlət müəssisələrinə ayrılan subsidiyalar arasında ən böyük xüsusi çəki ictimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclərə məxsus olub. Bu vəsaitlərin əsas hissəsi Bakı şəhərində sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması məqsədilə “BakuBus” MMC-yə yönəldilib. Subsidiyalar üzrə yüksək pay alan digər qurumlar isə “Azəristiliktəchizat” ASC və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olub.
Hesablama Palatası həmçinin bildirib ki, 2025-ci ildə həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri subsidiyaların bəzi hallarda təyinatından kənar, o cümlədən əsaslı xərclərin maliyyələşdirilməsinə yönəldildiyini göstərib. Halbuki Dövlət Maliyyə Statistikası Təlimatına əsasən subsidiyalar yalnız cari xərclərin ödənilməsi məqsədilə istifadə olunmalıdır.
Rəydə əlavə olunub ki, bəzi təşkilatlar ayrılmış subsidiyalardan tam istifadə etməyərək ilin sonunda vəsaitləri bank hesablarında saxlayıblar. Nümunə olaraq, İpoteka və Kredit Zəmanət Fonduna sahibkarların manatla aldığı kreditlər üzrə faiz subsidiyalarının maliyyələşdirilməsi üçün ayrılmış 15 milyon manat vəsaitin 9,9 milyon manatının ilin sonunda istifadə edilmədən qaldığı göstərilib.
Hesablama Palatası dövlət büdcəsindən subsidiyaların verilməsi mexanizmini tənzimləyən daha aydın meyarların və konkret qaydaların hazırlanmasının vacibliyini vurğulayıb.
