Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik - MEDİA

Siyasət Materials 12 İyun 2026 22:05 (UTC +04:00)
Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik - MEDİA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağlı bu ölkənin bəzi mətbuat orqanları birtərəfli, yönləndirici, ictimai rəyi çaşdıran və Azərbaycanın beynəlxalq imicini korlamağı hədəfləyən materiallar paylaşmaqdadırlar.

Bu fikirlər Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb.

Bildirilib ki, adi kriminal hadisəyə dair məhkəmədən əvvəl və sonra klassik manipulyasiyaya əl atılması və məhkəmə prosesi ətrafında teatral effektlərlə ajiotaj yaradılması, baş verənlərin siyasi sifariş kontekstində idarə olunduğunu aydın nümayiş etdirir.

“Fransanın bəzi media qurumlarının kriminal hadisəni qərəzli formada siyasiləşdirməyə və Azərbaycan dövlətinin bəzi rəsmi şəxslərinin adlarının hallandırılmasına yönəlmiş uğursuz cəhdləri ölkəmizə qarşı aparılan sistemli qarayaxma kampaniyasının tərkib hissəsidir.

Azərbaycana münasibətdə “qara piar” kampaniyası üzrə ixtisaslaşmış və Fransada dövlət dairələrinə yaxınlığı ilə seçilən “Revue21”, “TV5 Monde”, “Le Figaro”, “Le Monde” kimi media subyektlərinin mövzuya xüsusi "həssaslıq" nümayiş etdirməsinin arxasında ölkəmizin beynəlxalq nüfuzundan qorxuya düşən dairələrin məkrli ambisiyalarının dayandığı şübhəsizdir.

Adıçəkilən media qurumları jurnalistikanın hamı tərəfindən qəbul edilən beynəlxalq etik dəyərlərini bilərəkdən və kobudcasına pozmaqla, sifarişli siyasi kampaniyanın aləti olduqlarını bir daha təsdiqləmiş olurlar.

Cinayət fərdi məsuliyyət doğuran əməl olduğu halda, özünü demokratik adlandıran bir dövlətin cinayətkarın hərəkətindən daha çox onun milli mənsubiyyətini qabartması hüququn aliliyindən deyil, stereotiplərin və ayrı-seçkiliyin təşviqindən xəbər verir.

Manipulyasiya edilmiş məlumatları əsas götürərək Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı başladığı qarayaxma kampaniyasını hədəfli propaqanda elementi kimi dəyərləndirir, media peşəkarlığı prinsipləri ilə bir araya sığmayan bu kimi halları qəti şəkildə pisləyirik”, - deyə açıqlamada qeyd olunub.

Xəbər lenti

Xəbər lenti