Parisdən güc alan beynəlxalq korrupsiya şəbəkəsi: Bakı məhkəməsinin qərarı hansı reallıqları üzə çıxarır?

Siyasət Materials 12 İyun 2026 19:08 (UTC +04:00)
Parisdən güc alan beynəlxalq korrupsiya şəbəkəsi: Bakı məhkəməsinin qərarı hansı reallıqları üzə çıxarır?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son illər Azərbaycan əleyhinə siyasi kampaniyaların önündə gedən Fransa rəhbərliyi özünü demokratiya, hüququn aliliyi və şəffaf idarəetmə prinsiplərinin müdafiəçisi kimi təqdim etməyə çalışsa da, bu ölkənin siyasi və biznes elitası ilə bağlı ortaya çıxan faktlar tamamilə fərqli mənzərə yaradır. Azərbaycanda araşdırılan və məhkəmə hökmü ilə nəticələnən cinayət işi təkcə ayrı-ayrı şəxslərin məsuliyyəti məsələsi deyil, həm də Fransa siyasi sistemindəki nüfuz əlaqələrinin, korrupsiya risklərinin və ikili standartların miqyasını nümayiş etdirən nümunə kimi diqqət çəkir.

Bakı məhkəməsinin qərarı və humanist yanaşma

Azərbaycanda mühakimə olunan Fransanın iri şirkətlərindən biri olan “SAUR”un vitse-prezidenti Anass Derrazla bağlı Bakı Apellyasiya Məhkəməsi mühüm qərar qəbul edib. Məhkəmə onun şikayətini qismən təmin edərək əvvəlki hökmə dəyişiklik edib və təyin edilmiş 12 illik azadlıqdan məhrumetmə cəzasını 9 ilə endirib.

Bu qərar bir tərəfdən Azərbaycan məhkəmə sisteminin humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirirsə, digər tərəfdən cinayət işinin mahiyyətini dəyişmir. Əksinə, cəzanın yumşaldılması fonunda belə, iş materiallarında əks olunan faktlar Fransa siyasi-biznes dairələrinin adının hallandığı korrupsiya mexanizmlərinin miqyasını bir daha gündəmə gətirir.

Beynəlxalq sanksiyaların “alver predmetinə” çevrildiyi ittihamlar

Cinayət işinin mərkəzində Fransa Prezidenti Emmanuel Makronun keçmiş yaxın çevrəsinə daxil olmuş Aleksandr Benalla və “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz dayanır. İttihama əsasən, onlar rusiyalı oliqarx Fərhad Əhmədovun aktivlərinə tətbiq edilən beynəlxalq məhdudiyyətlərin aradan qaldırılması müqabilində külli miqdarda maddi vəsait əldə etməyə çalışıblar.

İş materiallarına görə, tərəflər Fərhad Əhmədovun aktivləri ilə bağlı problemlərin həll ediləcəyi barədə vədlər veriblər. Söhbət xüsusilə dəbdəbəli “Luna” yaxtasının üzərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasından gedib. Bildirilib ki, ödəniş müqabilində yaxtanın həbsdən çıxarılmasına və onun beynəlxalq sularda sərbəst hərəkətinə nail olmaq mümkündür.

Bununla yanaşı, oliqarxın özünün də sanksiyaların təsirindən qorunacağı barədə təminatlar verildiyi iddia olunur. Bu isə faktiki olaraq beynəlxalq hüquq mexanizmlərinin və sanksiya institutunun maliyyə maraqları naminə alətə çevrilməsi cəhdləri kimi qiymətləndirilə bilər.

Milyonlarla dolların dövr etdiyi sxem

İttiham tərəfinin açıqladığı məlumatlara görə, sözügedən razılaşma çərçivəsində ümumilikdə 6 milyon 140 min ABŞ dolları həcmində rüşvət verilməsi nəzərdə tutulub.

Belə böyük məbləğin müzakirə olunması təsadüfi deyil. Bu, sadəcə fərdi təşəbbüs və ya kiçik korrupsiya əməliyyatı təsiri bağışlamır. Əksinə, beynəlxalq əlaqələrə, siyasi nüfuza və yüksək səviyyəli şəxslərin imkanlarına söykənən genişmiqyaslı mexanizmdən xəbər verir. Məhz buna görə də bu iş Fransa daxilindəki siyasi əlaqələrin xarakteri ilə bağlı ciddi suallar yaradır.

Benalla faktoru: Makronun yaxın çevrəsindən beynəlxalq qalmaqala

Aleksandr Benalla adı Fransa ictimaiyyətinə yaxşı tanışdır. O, uzun müddət Emmanuel Makronun şəxsi mühafizə xidmətinin rəhbəri kimi fəaliyyət göstərib və dövlət başçısının ən yaxın etibar etdiyi şəxslərdən biri hesab olunub.

Belə bir fiqurun beynəlxalq səviyyədə milyonlarla dolların dövr etdiyi korrupsiya iddialarında hallanması təsadüfi hadisə kimi görünmür. Benallanın siyasi sistemdə malik olduğu əlaqələr və nüfuz nəzərə alındıqda, onun təkbaşına bu qədər genişmiqyaslı fəaliyyət göstərməsi ilə bağlı ciddi şübhələr meydana çıxır.

Məhz buna görə bir sıra ekspertlər bu proseslərin yalnız fərdi təşəbbüslə izah edilməsinin çətin olduğunu vurğulayırlar. Onların fikrincə, Makronun uzun illər etimad göstərdiyi şəxsin belə həssas və böyük maliyyə dövriyyəsi olan əməliyyatlarda iştirak etməsi Fransa hakimiyyətinin müxtəlif dairələri ilə əlaqələr ehtimalını da gündəmə gətirir.

Fransa siyasi elitası qarşısında cavabsız qalan suallar

Bu iş ətrafında müzakirə olunan əsas məsələlərdən biri də əldə olunması planlaşdırılan vəsaitlərin son ünvanı ilə bağlıdır. Milyonlarla dollar həcmində vəsaitin hansı məqsədlərlə istifadə olunacağı, bu pullardan kimlərin faydalanacağı barədə suallar hələ də aktuallığını qoruyur.

Ekspert dairələrində səslənən ehtimallara görə, belə böyük maliyyə əməliyyatlarının yalnız vasitəçi şəxslərin maraqları ilə məhdudlaşması inandırıcı görünmür. Buna görə də Fransa siyasi elitasının müəyyən nümayəndələrinin bu proseslərdən xəbərdar olub-olmaması ilə bağlı müzakirələr davam edir.

Benallanın 2018-ci ildə qalmaqallı hadisələrdən sonra vəzifəsindən uzaqlaşdırılması da məsələni tam bağlamayıb. Əksinə, onun sonrakı dövrdə də siyasi və biznes əlaqələrindən istifadə etməsi həmin nüfuz şəbəkəsinin fəaliyyətini davam etdirdiyini göstərən amillərdən biri kimi qiymətləndirilir.

İkili standartların ifşası

Bu hadisənin ən diqqətçəkən tərəflərindən biri Fransanın beynəlxalq arenada sərgilədiyi mövqe ilə ortaya çıxan faktlar arasındakı ziddiyyətdir. Paris uzun illərdir müxtəlif ölkələri, o cümlədən Azərbaycanı demokratiya, şəffaflıq və hüquqi idarəetmə məsələləri üzrə tənqid etməyə çalışır.

Lakin eyni zamanda Fransa prezidentinin keçmiş mühafizə rəhbərinin beynəlxalq sanksiyalarla bağlı korrupsiya ittihamlarında adı hallanır, milyonlarla dolların müzakirə olunduğu sxemlər ortaya çıxır və bu proseslər ölkənin siyasi dairələri ilə bağlı yeni suallar doğurur. Bu mənzərə Fransanın tez-tez istinad etdiyi “respublika dəyərləri” və “şəffaf idarəçilik” prinsiplərinin praktikada nə dərəcədə tətbiq olunduğu barədə ciddi düşünməyə əsas verir.

Bakı Apellyasiya Məhkəməsinin Anass Derrazla bağlı çıxardığı qərar hüquqi prosedurun tərkib hissəsi olsa da, işin ümumi fonu daha geniş siyasi nəticələr doğurur. Faktlar göstərir ki, Azərbaycan qanunun aliliyini təmin etməklə yanaşı, beynəlxalq korrupsiya iddialarının araşdırılmasında da prinsipial mövqe nümayiş etdirir. Eyni zamanda bu proses Fransa rəhbərliyinin Azərbaycana qarşı səsləndirdiyi ittihamların fonunda Parisin öz daxilində mövcud olan problemlərin miqyasını da açıq şəkildə ortaya qoyur.

Xəbər lenti

Xəbər lenti