Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının 93%-i ABŞ dollarında saxlanılır

İqtisadiyyat Materials 12 İyun 2026 16:46 (UTC +04:00)
Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının 93%-i ABŞ dollarında saxlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının mövcud strategiya və qaydalar çərçivəsində idarə edilməsi davam etdirilib.

AMB-nin məlumatına əsasən, hesabat ili ərzində Mərkəzi Bankın valyuta ehtiyatları qlobal maliyyə bazarlarında geosiyasi və geoiqtisadi reallıqlardan irəli gələn bazar dəyişkənliyi şəraitində idarə edilib.

Bildirilib ki, ABŞ prezident administrasiyasının sərt tarif siyasəti ilə bağlı açıqlamaları həm qlobal miqyasda, həm də ABŞ-də iqtisadi artım tempinin aşağı düşəcəyi ilə bağlı bazar iştirakçıları arasında narahatlıqlara səbəb olub: "İl ərzində azalan inflyasiya tempi fonunda ABŞ və Avropadakı əsas mərkəzi banklar yumşaq pul siyasəti kursunu həyata keçirsələr də, inflyasiyanın hələ də hədəf səviyyəsindən yuxarı olması mərkəzi bankları pul siyasəti qərarlarında ehtiyatlı davranmağa vadar etmişdir. Qeyd olunan amillər və artan qeyri-müəyyənliklər, eyni zamanda dolların dəyərinin aşağı düşməsinə səbəb olmuşdur".

Qeyd edilib ki, valyuta ehtiyatları 2025-ci il ərzində Mərkəzi Bankın pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşı olmaqla iki hissəyə bölünərək idarə edilib: "2025-ci ilin sonuna rəsmi valyuta ehtiyatlarının 93%-ni ABŞ dolları, 1%-ni Çin yuanı və Qətər rialı, 6%-ni isə SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil etmişdir.

Hesabat ilində Mərkəzi Bankın valyuta ehtiyatları hər bir tranşın və altportfelin məqsədinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya edilməklə idarə edilmişdir. Valyuta ehtiyatlarının idarə edilməsində daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlıq da davam etdirilmişdir.

2025-ci ildə Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən gəlirlər 505.5 mln. ABŞ dolları, gəlirlilik isə 4.6% təşkil etmiş və müvafiq bençmarkların gəlirliliyini üstələmişdir. Hesabat ilində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları idarəetmədən əldə edilən gəlirlər, daxili bazarda valyuta əməliyyatları və məzənnə fərqi hesabına 555.4 mln. ABŞ dolları və ya 5.1% artaraq 11.5 mlrd. ABŞ dolları səviyyəsinə çatmışdır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti