Bakı. Trend:
2025-ci ildə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq formalaşıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatına görə, xarici sektor göstəricilərinin əlverişli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib.
Bildirilib ki, il ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (Blumberq platformasında hərraclar və hərracdankənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib və orta günlük 1.7 manat təşkil edib: "Kommersiya bankları tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi 8 məzənnəyə yaxın diapazonda formalaşıb. Belə ki, bankların orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6948 manat, satış məzənnəsi isə 1.7018 manat olub. 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.31%, satış məzənnəsi isə 0.11% fərqli olub".
Qeyd edilib ki, 2025-ci ildə Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə 98 valyuta hərracı baş tutub: "Bu hərraclarda bazarın xarici valyutaya tələbi tam ödənilib. Ümumilikdə, hesabat ilində valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edib. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 milyon ABŞ dolları üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları artıb. İl ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişib.
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnəyə də təsir göstərib. Qlobal ticarətdə baş verən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmaları gücləndirib. Bu şəraitdə dollar indeksi azalmış, dekabr ayında manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi əvvəlki ilin sonuna nəzərən 5.2% ucuzlaşmışdır.
Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib. Dekabrda manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi ötən ilin sonuna nəzərən 7.7% ucuzlaşıb".
