Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda Azərbaycanın Avrasiya nəqliyyat əlaqələrindəki rolunu şərh edib.
Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, Trans-Xəzər Forumu 2026-da çıxış etmək və Orta Dəhlizin, eləcə də Xəzər regionunun nəqliyyat gələcəyinə dair müzakirələrdə iştirak etmək onun üçün böyük şərəf olub. Onun sözlərinə görə, Orta Dəhliz artıq sadəcə tranzit marşrutu deyil, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji geoiqtisadi sistemə çevrilir və Avrasiya nəqliyyat arxitekturasında ciddi dəyişiklikləri əks etdirir.
H.Hacıyev Azərbaycanın dəmir yolu, dənizçilik, aviasiya və rəqəmsal infrastruktur sahələrinə yatırdığı investisiyalar nəticəsində Avrasiya nəqliyyat əlaqələrində strateji mərkəz rolunun gücləndiyini vurğulayıb. O, Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi Asiya, Avropa, Yaxın Şərq və Xəzər regionları arasında körpü rolunu oynayan unikal coğrafi mövqeyinin bu prosesdə xüsusi əhəmiyyət daşıdığını bildirib.
Prezident köməkçisi qeyd edib ki, müasir dövrdə ölkələrin gücü yalnız coğrafiya, əhali və iqtisadi və ya hərbi potensialla deyil, həm də tərəfdaşlıq keyfiyyəti, nəqliyyat bağlantıları, regional və qlobal gündəmi formalaşdırmaq qabiliyyəti ilə ölçülür və Azərbaycan da bu istiqamətdə fəal şəkildə irəliləyir.
Sonda o, Avrasiya məkanında təhlükəsiz, dayanıqlı və gələcəyə yönəlmiş nəqliyyat əlaqələrinin inkişafına sadiqliklərini bir daha təsdiqlədiyini bildirib.
