Bakı. Trend:
Azərbaycan Ordusunun zabit korpusunun formalaşmasında mühüm rol oynayan, bu günədək 14 mindən çox məzun yetişdirən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, mərasimdə Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov, Müdafiə Nazirliyinin baş idarə rəisləri, hərbi liseyin rəhbərliyi, pedaqoji heyəti, kursantlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin hərbi lisey ərazisində ucaldılmış abidələri ziyarət olunub, önlərinə gül dəstələri qoyulub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov bildirib ki, buraxılış mərasimi yalnız təhsil mərhələsinin başa çatması deyil, Azərbaycan Ordusunun gələcəyinə doğru atılan növbəti mühüm addımdır.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan hərbi lisey ötən illər ərzində minlərlə vətənpərvər gəncin həyat yoluna istiqamət verib.
“Bu lisey yalnız hərbi təhsil müəssisələrinə namizədlər hazırlayan məktəb deyil, həm də milli ruhun, hərbi iradənin və dövlətə sədaqətin formalaşdığı bir ocaqdır”, – deyə rektor vurğulayıb.
Gündüz Əbdülov qeyd edib ki, liseyin 200-dən çox məzunu Vətən uğrunda şəhid olub, yetirmələri arasında 11 Milli Qəhrəman və 19 Vətən Müharibəsi Qəhrəmanı var. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində liseyin müasir infrastruktura malik qabaqcıl təhsil müəssisəsinə çevrildiyini bildirib və məzunları daim öyrənməyə, şərəf və ləyaqətlərini qorumağa, Vətənə sədaqətlə xidmət etməyə çağırıb.
Mərasimdə çıxış edən Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev də məzunları təbrik edərək bildirib ki, lisey uzun illərdir Azərbaycan Silahlı Qüvvələri üçün peşəkar zabit kadrlarının hazırlanmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, liseyin məzunları ölkənin müdafiəsində, ərazi bütövlüyünün qorunmasında və tarixi qələbələrin əldə olunmasında mühüm xidmətlər göstəriblər.
Valideynlər və pedaqoji heyət adından çıxış edənlər də məzunları təbrik edərək onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıblar.
Məzunlar adından çıxış edən kurs birincisi Teymur Əliyev bildirib ki, hərbi liseydə qazandıqları bilik və bacarıqları növbəti təhsil pillələrində daha da inkişaf etdirəcəklər.
“Biz artıq sadəcə kursant deyilik, gələcəyin zabitləriyik. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması hər birimizin müqəddəs borcudur. Bizə göstərilən etimadı doğrultmaq üçün bütün gücümüzü səfərbər edəcək, Vətənimizə və xalqımıza sədaqətlə xidmət edəcəyik”, – deyə o vurğulayıb.
Tədbir çərçivəsində hərbi liseyi fərqlənmə ilə bitirən məzunlara, eləcə də xidmətdə və tədrisdə fərqlənən zabit və müəllimlərə fəxri fərmanlar, döş nişanları və qiymətli hədiyyələr təqdim olunub.
Daha sonra hərbi liseyin rəmzi kötüyünə 2026-cı ilin xatirə lövhəsi vurulub, döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Kursantlar hərbi orkestrin müşayiəti ilə marşlar ifa edib, şəxsi heyət təntənəli keçidlə tribunanın önündən keçib.
Mərasim iştirakçıları arasında olan məzun kursant Atəş Əbdürrəhimov bildirib ki, liseydə keçirdikləri illər onların həyatında mühüm iz qoyub.
“1971-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları olmaqdan qürur duyuruq. Burada dostluğun, həmrəyliyin, intizamın və komanda ruhunun nə olduğunu öyrəndik. Gələcəkdə ali hərbi təhsil müəssisələrində təhsil alaraq Azərbaycan Ordusunun sıralarında xidmət etmək istəyirik”, – deyə o qeyd edib.
Valideyn Nailə Əbdürrəhimova isə övladında son iki il ərzində böyük dəyişiklik gördüyünü bildirib.
“Bu illər ərzində övladımın əsl vətənpərvər kimi formalaşdığını gördüm. Mən Azərbaycanlı olduğum üçün qürur duyuram, həmçinin hərbçi övlad yetişdirdiyim üçün böyük fəxr hissi keçirirəm”, – deyə o bildirib.
Qeyd edək ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu günədək liseyi 14 mindən çox gənc bitirib, məzunlardan 20-dən çoxu general ali hərbi rütbəsinə yüksəlib. Liseyin yetirmələri arasında 11 Milli Qəhrəman, 19 Vətən Müharibəsi Qəhrəmanı var və yüzlərlə məzunu müxtəlif orden və medallarla təltif olunub.
