Azərbaycanda AZIPS vasitəsilə aparılan tranzaksiyaların həcmi artıb

İqtisadiyyat Materials 13 İyun 2026 13:32 (UTC +04:00)
Azərbaycanda AZIPS vasitəsilə aparılan tranzaksiyaların həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin aprel ayında Azərbaycanın Milli Real Vaxt Rejimində Hesablaşmalar Sistemi — AZIPS vasitəsilə aparılan tranzaksiyaların həcmi 75,974 milyard manatı, sayı isə 201,1 mini ötüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletendə bildirilib.

Məlumata görə, 2025-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə bu sistem vasitəsilə aparılan tranzaksiyaların həcmi 5,004 milyard manatdan çox və ya 7%, sayı isə 7,7 min ədəd və ya 4% artıb.

Ötən ilin aprel ayında AZIPS vasitəsilə aparılan tranzaksiyaların həcmi 70,970 milyard manatı, sayı isə 193,4 mini ötüb.

Aprelin sonuna olan məlumata əsasən, bankların və “Azərpoçt” MMC-nin sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 min karta çatıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 9% artıb.

“Debet kartlarının sayı 11% artdığı halda, kredit kartlarının sayı 11% azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən daxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıb.

2026-cı ilin aprel ayında kartlardan istifadə etməklə həyata keçirilən daxili nağdsız ödənişlərin həcmi 9,094 milyard manat təşkil edib. Bunun 7,969 milyard manatı elektron ticarətin payına düşüb”, - deyə bankdan bildirilib.

Xəbər lenti

Xəbər lenti