Bakı. Trend:
ABŞ-nin Çin şirkətlərinə qoyduğu məhdudiyyətlər Pekində keçirilən ikitərəfli sammitdə əldə edilən razılaşmalarla ziddiyyət təşkil edir.
Bu barədə Çinin Ticarət Nazirliyi Vaşinqtonun bir neçə Çin şirkətini "müdafiə şirkətləri" kimi təyin etməsinə münasibət bildirərkən bildirib.
Nazirlik vurğulayıb ki, ABŞ-nin hərəkətləri beynəlxalq iqtisadi və ticarət qaydalarını ciddi şəkildə pozur, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinə mane olur və Çin müəssisələrinin qanuni hüquq və mənafelərinə ciddi ziyan vurur.
İyunun 8-də Pentaqon Çinin hərbi-sənaye kompleksi ilə əlaqəli olduğuna inandığı qurumlar siyahısına 188 şirkətin əlavə olunduğunu elan edib . Şirkətlər birbaşa və ya dolayı yolla ABŞ-də fəaliyyət göstərir.
İyunun 9-da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan bildirib ki, ABŞ-nin Çin şirkətlərinə qarşı əsassız təzyiqinə və onların "ayrı-seçkilik siyahıları"na daxil edilməsinə qəti şəkildə qarşı çıxır.
ABŞ əvvəllər Çini İranı dəstəkləməkdə şübhəli bilirdi.
