Bakı. Trend:
Bu ilin yanvar–fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 27,4 milyon ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart nəşrində bildirilir.
Məlumata əsasən, bu göstərici ötən ilin yanvar–fevral ayları ilə müqayisədə 43 milyon ABŞ dolları (yaxud 61,1 faiz) azdır.
Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.
