Bakı. Trend:
Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən ölkə üzrə keçirilmiş buraxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğu barədə iddialar yayılıb.
Belə ki, müəllimlər və təhsil ekspertləri riyaziyyat üzrə suallarda səhv olduğunu iddia edirlər.
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ümumi təhsil səviyyəsi üzrə 5 aprel 2026-cı il tarixində keçirilən buraxılış imtahanında trapesiya mövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin iti bucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqların bərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqların oxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaq bacarığını yoxlamaqdır:
"Tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəfləri kimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir. Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilk növbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir. Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağın mövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil, verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Buna görə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həll prosesini və ardıcıllığını dəyişmir, eyni zamanda düzgün cavabın əldə olunmasına da heç bir maneə yaratmır.
Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır".
Qeyd edək ki, ötən gün Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
