Bakı. Trend:
Türkiyənin “Karpowership” şirkəti adanın elektrik enerjisi ilə təmin edilməsi məqsədilə üzən elektrik stansiyalarından birini Kubaya göndərib.
Trend xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, “Belgin Sultan”adlı xüsusi gəmi artıq Havananın limanında lövbər salıb.
ABŞ-nin ölkəyə yanacaq tədarükünə tətbiq etdiyi embarqodan sonra Kubanın enerji sistemi dərin böhran vəziyyətinə düşüb. Bu vəziyyət həm ev təsərrüfatlarının və müəssisələrin elektriklə təminatına, həm də hava limanlarının fəaliyyətinə təsir göstərib. Belə ki, aviasiya yanacağı ilə bağlı böhran yaranıb və nəticədə bir çox şirkətlər adaya uçuşlarını məhdudlaşdırıblar.
“Karpowership” şirkətinə məxsus gəmi mayeləşdirilmiş qaz və ya dizel yanacağı ilə işləyə bilir. Belgin Sultan 76 MVt-a qədər elektrik enerjisi istehsal etmək gücünə malikdir. Türkiyə şirkətinin bu tip gəmilərdən və digər platformalardan ibarət donanması mövcuddur. Şirkət elektrik təchizatı xidmətlərini bir sıra ölkələrdə, o cümlədən Fil dişi sahili, Qana, Mozambik, Seneqal, Braziliya və Dominikan Respublikasında təqdim edir.
