Bakı. Trend:
“Ocean Thunder” adlı Türkiyəyə məxsus gəmi ötən gecə etibarilə Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək Körfəzdən çıxışını tamamlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O qeyd edib ki, bu keçidlə birlikdə Hörmüz boğazı ətrafında yerləşən Türkiyə mülkiyyətində olan gəmilərin sayı 12-yə, çıxış tələbi olan gəmilərin sayı isə 8-ə enib.
“Xarici İşlər Nazirliyimizlə apardığımız birgə fəaliyyət nəticəsində İraqdan yüklədiyi xam nefti Malayziyaya daşımaq üçün səfərdə olan ‘Ocean Thunder’ adlı Türkiyə mülkiyyətindəki gəmi ötən gecə etibarilə Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək Körfəzdən çıxışını tamamladı. Beləliklə, müharibənin başlanmasından bəri Körfəzdə gözləyən 3 gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə ayrılmış oldu”,- nazir bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
