Bakı. Trend:
Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.
Trend xəbər verir ki, bu barədə Suriyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, Dəməşqdə həm Suriya Prezidenti Əhməd əl-Şara və hər iki liderin komandaları ilə ikitərəfli görüş, həmçinin Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüş keçirilib.
Ukrayna Prezidenti bildirib ki, təhlükəsizlik və müdafiə məsələlərindən, İran ətrafında baş verən hadisələrdən tutmuş enerji və infrastruktur əməkdaşlığına qədər bir sıra məsələlər müzakirə olunub. Ərzaq təhlükəsizliyi üzərində işlərin davam etdiriləcəyi vurğulanıb.
Zelenski həmçinin Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinin də müzakirə olunduğunu qeyd edib və səfər zamanı nümayəndə heyətini qarşılayan suriyalılara təşəkkür edib. Prezident əlavə edib ki, Ukrayna Əsəd rejiminin süqutundan sonra yeni Suriyanı dəstəkləyən ilk ölkələrdən biri olub və sabitliyi, inkişafı dəstəkləməyə davam edəcək.
