Bakı. Trend:
Bu ilin mart ayı ərzində 8-i qız, 6-sı oğlan olmaqla 14 uşaq övladlığa verilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilir ki, onlardan 9-u 0-6 yaş aralığında, 5-i isə 7-18 yaş aralığında olan uşaqlardır:
"Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi, onların hüquqlarının qorunması və sosial rifahının yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür.
Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə bu uşaqların müəssisələrə yerləşdirilməsi, eləcə də övladlığa və himayədar ailələrə verilməsi istiqamətində iş aparılır. Görülən işlərin məqsədi uşaqların təhlükəsiz və sağlam ailə mühitində böyüməsini təmin etməkdir.
Həmçinin, müvafiq istiqamətdə görülən işlər uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təmin edilməsinə və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Belə ki, müvafiq sahədə idarəetmə Nazirliyə həvalə olunduqdan bu günədək 859 uşaq övladlığa verilib".
"Eyni zamanda ölkəmizdə 2023-cü ildən tətbiq olunan "Himayədar ailə" qayğı modeli çərçivəsində 75 uşaq müvəqqəti olaraq ailələrə yerləşdirilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2025-ci ildə 149 uşaq övladlığa verilib. Onların 78-i oğlan, 71-i qız olub.
